Yuxarı

Azərbaycan, Gürcüstan, Moldova və Rumıniya dəmiryolu sahəsində protokol imzalayıb

Rumıniyadan Gürcüstan və Azərbaycandan keçməklə Orta Asiya və Çinə yüklərin daşınmasi məsələsi müzakirə olunub

Bakı. 15 aprel. REPORT.AZ/ Konstansa şəhərində (Rumıniya) Avropa-Asiya-Avropa istiqamətində Konstansa limanından keçməklə yük daşımalarının inkişafı ilə bağlı keçirilən üçgünlük dəyirmi masa başa çatıb. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru Mamuka Baxtadze, “Moldova Dəmir Yolu” DB-nin baş direktoru Yuri Topala və Rumıniya “CFR Marfa Sa”nın baş direktoru Laurensia Georgeskunun (Laurentiu Georgescu) başçılıq etdiyi nümayəndə heyətləri iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, iştirakçılar Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yük daşımalarının təşkili imkanları, problemli məsələlərin həlli yolları, həmçinin görülən işlər barədə müzakirələr aparıblar.

Tədbirin sonunda tərəflər arasında memorandum imzalanıb.

Bundan başqa, Azərbaycan nümayəndə heyəti ilə Rumıniya Nəqliyyat Nazirliyinin TRACECA Milli Katibliyinin baş katibi Maria Qriqore arasında görüş keçirilib. Aparılan danışıqlar zamanı Azərbaycanın tranzit imkanları, ölkədən keçən nəqliyyat dəhlizləri və onların potensialı, bu sahədə görülən işlər, imzalanan müqavilələr haqda məlumat verilib, Ruminiya ilə bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Rumıniyanın İran, Orta Asiya və Çinlə ticarət dövriyyəsi kifayət qədər böyükdür: Rumıniya ilə İran arasında – 117,2 mln. dollar, Çinlə 4 mlrd dollar, Türkmənistanla 43,5 mln. dollar, Özbəkistanla 26,5 mln. dollar, Qazaxıstanla 3,2 mlrd dollar, Qırğızıstanla 5,5 mln dollar, Pakistanla 194,2 mln dollar, Tacikistanla isə 836 min dollar təşkil edir. Bu yüklərin Azərbaycandan keçməklə, daşınması ən əlverışlı yol sayılır. Rumıniya nümayəndələri də bu yola böyük maraq göstəriblər.

Xatırladaq ki, Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi, əlavə yüklərin cəlb olunması istiqamətində, nəqliyyat dəhlizlərinin inkişafı üçün bu vaxta qədər bir sıra danışıqlar aparılıb, müqavilələr imzalanıb. Rumıniyanı maraqlandıran Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı istiqamətində təkcə bu ilin 3 ayı ərzində mühüm işlər görülüb. Aprelin 12-də Bakıda Şərq-Qərb Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradılıb, martın 15-16-da Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində işçi qrupunun görüşü keçirilib, sənədlər imzalanıb, yanvarın 12-də Bakıda Şimal-Cənub nəqliyyat dəhlizinə həsr olunmuş beynəlxalq forum keçirilib. Nəqliyyat dəhlizlərinin iştirakçı dövlətləri, operator şirkətləri ilə müqavilələr imzalanıb, vahid tariflər müəyyən edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi