Azərbaycan Dövlət Dəniz Akademiyasında “Açıq qapı günü” keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Açıq qapı günü” keçirilib Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Açıq qapı günü” - yenicə tələbə adını qazanan gənclər və onların valideynləri ilə görüş keçirilib.
İnfrastruktur
12 Sentyabr , 2018 17:17
Azərbaycan Dövlət Dəniz Akademiyasında “Açıq qapı günü” keçirilib
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Açıq qapı günü” - yenicə tələbə adını qazanan gənclər və onların valideynləri ilə görüş keçirilib. 

Gəmiçilikdən “Report”a verilən məlumata görə, görüşdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) sədri Rauf Vəliyev, ADDA-nın rektoru Çingiz Əliyev ilə yanaşı, Bakı Gəmiqayırma Zavodunun, “Caspian Marine Services”nin rəhbərliyi, Gəmiçiliyin əməkdaşları, Akademiyanın müəllim heyəti iştirak ediblər.

Ç.Əliyev builki tələbə qəbulunun yekunları, Akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verib. O bildirib ki, ADDA-ya yüksək balla qəbul olanların sayında bu il də xeyli artım var. Belə ki, tələbə adını qazananların iyirmi doqquzu 500-600, üçü isə 600-700 arası bal toplayıb. Bu il Akademiyada 1 Türkmənistan və 5 Türkiyə vətəndaşı da təhsil alacaq.

Rektorun sözlərinə görə, tələbələr dərs vəsaitləri, yataqxana, geyim forması və gündə iki dəfə isti yeməklə pulsuz təmin olunurlar: "Təkcə bu il Gəmiçilik rəhbərliyinin tövsiyəsi ilə xaricdən 10 laboratoriya dəsti alınaraq quraşdırılıb. Ən müasir trenajorlar, laboratoriyalar imkan verir ki, peşəkar kadrlar hazırlayaq".

R.Vəliyev isə çıxışında Gəmiçiliyin tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə dənizçiliyin inkişafı uzun və şərəfli yol keçib: “1858-ci ildən başlayan bu yolda qazanılan uğurlar hesabına hazırda AXDG dünyanın qabaqcıl şirkətləri ilə rəqabət aparmaq imkanındadır. Bu il Gəmiçilik 160 illik yubileyini qeyd edir. Üç əsrə şahidlik edən böyük şirkətin bir parçası olmaq hər kəs üçün qürurvericidir. Əminəm ki, gələcəyin peşəkar kadrları kimi siz Azərbaycanın mövcud dənizçilik imkanlarını daha da irəliyə apara biləcəksiniz. Və bütün dövrlərdə nüfuzlu peşə sayılan dənizçi adına layiq olacaqsınız.”

Sədr ADDA-da yaradılan şəraitdən də danışıb. O bildirib ki, rəhbərlik etdiyi qurum təhsil ocağına daim dəstək verir: “Burada mütəxəssislərin hazırlanması, kadr potensialının artırılması məsələlərinə xüsusi diqqət yetirilir. Bu il ilk dəfə olaraq Akademiyada “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə ingilis dilində tədris aparılacaq. Ötən ildən AXDG-nin hesabına təhsildə fərqlənən tələbələrə əlavə təqaüd verilir. Artıq bu imkandan ADDA-nın 50-dən çox tələbəsi yararlanıb”.

Bundan başqa, Cəmiyyətin sədri ADDA-nın tələbələrinin beynəlxalq standartlara uyğun inkişafının təmini və peşəkarlığının artırılması məqsədi ilə onların AXDG-nin xarici sularda üzən gəmilərində təcrübə keçmələrinə imkan yaradıldığını da diqqətə çatdırıb. O qeyd edib ki, bu fürsətdən ötən tədris ilində 10-dan çox tələbə faydalanıb. R.Vəliyev eyni zamanda AXDG-nin Təqaüd Proqramına uyğun olaraq hər il magistr təhsili almaq üçün ADDA məzunlarının dünyanın nüfuzlu ali məktəblərinə göndərilməsi üçün şərait yaradıldığını da vurğulayıb.

O qeyd edib ki, bütün bunlar, ilk növbədə, tələbələrin təhsilə maraqlarını artırmaq, onların peşəkar dənizçi kimi yetişmələrinə dəstək olmaq məqsədi daşıyır. Digər tərəfdən, ADDA-nın kadr potensialının formalaşmasında savadlı, beynəlxalq standartlara cavab verən gənc dənizçilərə üstünlük verdiyini göstərir.

Sədr deyib: “Şirkətimizin qarşısında mühüm strateji hədəflər dayanır. Bu hədəflərdən biri də güclü kadr potensialının formalaşdırılmasıdır. Məhz, bu səbəbdən Akademiyanın tələbələrindən gözləntilərimiz çoxdur. Burada hər cür şərait yaradılıb. Təhsil müəssisəsini yaxşı qiymətlərlə bitirənlərin işlə təmin olunmaları üçün onlara AXDG-nin “Zəmanət Məktubu” verilir”.

QSC-nin sədri ADDA-nın məzunlarının dünyanın hər yerində işləmək imkanlarının olduğunu da bildirib: “Bu il AXDG-nin iki gənc əməkdaşı “Columbia Shipmanagement Ltd”nin gəmilərində təcrübə keçməyə göndərildi. Layihənin sonunda iştirakçılar haqqında müsbət rəy verildi, onlara müvafiq sertifikatlar təqdim olundu. Hətta “Columbia Shipmanagement Ltd” həmin gənclərə iş təklifi də etdi. Lakin hər iki gənc fəaliyyətlərini Gəmiçilikdə davam etdirmək istədiklərini bildirdilər. Bu onu göstərir ki, ADDA-nın məzunlarına peşəkar kadr kimi hər yerdə təlabat var. Belə imkanlar Akademiyanı yüksək nəticələrlə bitirən məzunlara yaradılacaq”.

Daha sonra AXDG-nin kadr siyasəti haqqında hazırlanan “İnsan Sərvətimizdir” filmi nümayiş olunub. Filmdə kadr ehtiyatlarının planlaşdırılması, əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların xidməti fəaliyyətin qiymətləndirilməsi, sosial təminatının yaxşılaşdırılması, mükafatlandırma və həvəsləndirmə, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi kimi vacib məsələlərdən bəhs olunub.

Sonda gənclərin və valideynlərin sualları səsləndirilib, arzu və istəkləri dinlənilib.

Tədbirdə 2018-ci ildə Akademiyanı 9 tələbənin fərqlənmə diplomu ilə bitirdiyi qeyd olunub. Onlardan üç nəfərinə ADDA-nın fərqlənmə diplomu və döş nişanları təqdim edilib. Digər 6 nəfər isə hazırda ordu sıralarında Vətən qarşısında borcunu yerinə yetirir.

Daha sonra ADDA-ya yüksək balla daxil olan üç nəfərə tələbə bileti və hədiyyələr təqdim olunub.

Rəsmi hissə bitdikdən sonra görüş iştirakçıları Akademiyanın əsas binasında yerləşən trenajor otağı və auditoriyalarla tanış olublar. Qonaqlar Akademiyanın yeməkxanasında nahar ediblər. Valideynlər yeməklərin keyfiyyəti ilə tanış olublar. 

Son xəbərlər

Orphus sistemi