Azərbaycan dəmir yolunun Heybət stansiyasında yeni yoldəyişən quraşdırılır

Azərbaycan dəmir yolunun Heybət stansiyasında yeni yoldəyişən quraşdırılır Bu, quraşdırılan sayca 6-cı yoldəyişəndir
İnfrastruktur
26 Dekabr , 2016 10:19
Azərbaycan dəmir yolunun Heybət stansiyasında yeni yoldəyişən quraşdırılır

Bakı. 26 dekabr. REPORT.AZ/ Dəmir yolunun Heybət stansiyasında yeni yoldəyişən quraşdırılır. "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a daxil olan məlumata görə, bu, quraşdırılan sayca 6-cı yoldəyişəndir.

"Prosesi 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi"  MMC həyata keçirir. Köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılırdı və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyildi. Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxmından dəyişmələrə səbəb olacaq", - deyə məlumatda qeyd edilir.

Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt Şpal Zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstadan gətirilir.

Xüsusi ağırlığa malik olan yoldəyişənləri mənzil başına daşımaq üçün Rusiyadan yeni quruluşlu platforma vaqonlar, həmçinin qurğunun qoyulması və sökülməsində istifadə edilən UKS tipli yeni kran alınıb.

Heybət stansiyasında yoldəyişən məhz həmin kranın vasitəsilə quraşdırılır. Azərbaycan dəmir yolunda UKS tipli kran ilk dəfə istismar olunur. Yaxın bir il ərzində dəmir yolunun müxtəlif mənzillərində 100 ədəd belə yoldəyişənin quraşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda, bu ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb.

Yeni yoldəyişən qurğuların yığılması üçün Səngəçal istehsalat bazasının ərazisində xüsusi meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90 metr, eni 16 metr təşkil edir. Bu meydançada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır.

İlk belə yoldəyişən bu ilin sentyabrın 9-da quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi