Yuxarı

Azərbaycan Rusiyada keçirilən beynəlxalq nəqliyyat sərgisində iştirak edir

Sərgi iştirakçıları Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə xüsusi diqqət yetiriblər

Bakı. 20 aprel. REPORT.AZ/ Moskvada XXI Trans-Rusiya nəqliyyat-logistika xidmətləri və texnologiyalar sərgisi davam edir. Sərgidə dəmir yolları, liman və yük terminallarının milli, eləcə də beynəlxalq səviyyəli yük daşıyıcıları, ekspeditorları, operatorları, yüklərin daşınması və saxlanması üzrə avadanlıq və texnika istehsalçıları, həmçinin gömrük brokerləri, sığorta şirkətləri iştirak edir. Beynəlxalq tədbirdə dünyanın bir çöx ölkələri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Ekspress” də iştirak edir. Eyni zamanda, sərgiyə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi də qatılıb. 

Qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "Report"a bildirib ki, sərgidə Azərbaycan təmsilçisi - “ADY Express”in pavilyonuna maraq olduqca böyükdür.

"Avropa, Asiya, eyni zamanda Rusiyadakı yükdaşıma və logistika şikətləri Azərbaycan stendinə, burada təklif olunan nəqliyyat marşrutlarına, yeni tarif siyasətinə maraq göstərib. Sərgi iştirakçıları xüsusi olaraq "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə diqqət yetiriblər. Azərbaycan Şimal-Cənub dəhlizində xüsusi rolu olan dövlətdir. İrandan Rusiyaya yük gətirilməsində Azərbaycan ərazisindən fəal şəkildə istifadə olunur. Çünki bu, ən qısa yollardan biri sayılır. Eyni zamanda, Azərbaycan və Rusiya dəmir yollarının bu dəhlizlə yükdaşımalara tətbiq etdiyi aşağı tarifi də qeyd etmək lazımdır. Bu nəqliyat dəhlizi İran, hətta Hindistandan yük daşımaları sahəsində rəqabətə dözümlü marşrut hesab edilir”, - deyə sərgidə iştirak edən rusiyalı ekspertlər bildiriblər. 

Avropa və Uzaq Şərq ölkələrinin təmsilçiləri isə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna diqqət yetiriblər, Azərbaycan dəmiryolçuları ilə əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər. Sərgi eyni zamanda yeni tərəfdaşların tapılması və yeni tranzit yüklərin cəlb olunması üçün yaradılan geniş meydandır. Keçirilən çoxsaylı görüşlərdə, aparılan danışıqlarda Azərbaycanın tranzit marşrutlarının üstünlükləri haqda ətraflı məlumat verilib, marşrutların qısa və daha sərfəli olduğu nümayiş etdirilib.

“ADY Ekspress” şirkətinin nümayəndələri yeni tranzit yüklərin Azərbaycanın marağında olan nəqliyyat dəhlizlərinə cəlb olunmasına nail olublar.

Qeyd edək ki, "Trans-Rusiya" sərgisi 3 gün davam edəcək. Beynəlxalq tədbirdə Rusiyanın 71 regionundan və 50 xarici ölkədən 15 minə yaxın mütəxəssis iştirak edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi