Yuxarı
    Bağlamaq

    Azərbaycan çən vaqonlarının əsaslı təmirinə başlayıb

    Azərbaycan Dəmir Yolları istismar müddəti bitmiş daha 500 çən vaqonunun əsaslı təmirini nəzərdə tutur

    Bakı. 2 iyun. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmət səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yenilənməsi, təmir olunması zamanın tələbidir".

    ADY-dən "Report"a verilən məlumata görə, son bir il ərzində Rusiyanın F.Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasından 3 100 müxtəlif təmayüllü yük vaqonu alınaraq Azərbaycana gətirilib. Bunun 600-ü çən vaqonudur.

    Yeni vaqonların alınması ilə yanaşı, istismar müddətini keçmiş çən vaqonlarının əsaslı təmir olunmasına da başlanılıb.

    Bu günlərdə Bakı Vaqon Təmiri Zavodunda əsaslı təmir edilmiş, istismar müddəti 5 il artırılan 15 ədəd çən vaqonuna baxış keçirilib. Yük daşımaları Departamentnin vaqon şöbəsinin rəisi Bəşir Əsədov bildirib ki, MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurası rəhbərliyinin 11 may 2010-cu il tarixli teleqramına əsasən, Bakı Vaqon Təmiri Zavoduna neft və neft məhsulları, həmçinin maye qaz daşıyan çən vaqonlarının istismar müddəti qurtardıqdan və bu vaqonlar xüsusi qurumlar tərəfindən texniki diaqnostika edildikdən sonra, “Texniki qərar” əsasında əsaslı təmir edilərək, vaqonların istismar müddətinin artırılmasına icazə verilib.

    Ümumiyyətlə, vaqonların istismar müddəti 32 ildir. 1984-cü ilə qədər istehsal olunan neft və neft məhsulu daşıyan çən vaqonlarının istismar müddəti artıq başa çatıb. Həmin vaqonlardan 15-i “İnter Qaz Servis” MMC tərəfindən diaqnostika edilərək, istismar müddətinin 5 il artırılması haqqında “Texniki qərar” verilib.

    Çən vaqonları Bakı Vaqon Təmiri Zavodunda əsaslı təmir edilib, vaqonların istismar müddəti 5 il artırılaraq istismara buraxılıb.

    Vaqonların xarici səthinin neft qalıqlarından xüsusi qurğularla təmizlənməsi və rənglənməsi Şirvan İstismar Vaqon Deposunda həyata keçirilib.

    “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun tapşırığına əsasən, istismar müddətini keçmiş daha 500 çən vaqonunun əsaslı təmir olunması nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi