Azərbaycan beynəlxalq metrologiya təşkilatına üzv olub

Azərbaycan beynəlxalq metrologiya təşkilatına üzv olub Bu məqsədlə Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin Qarşılıqlı Tanınma Razılaşması imzalanıb
İnfrastruktur
17 Fevral , 2015 16:26
Azərbaycan beynəlxalq metrologiya təşkilatına üzv olub

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi timsalında metrologiya sahəsində əsas beynəlxalq təşkilatlardan olan Çəkilər və Ölçülər üzrə Baş Konfransa (CGPM - Conférence Générale des Poids et Mesures) assosiativ üzv olub. Bu məqsədlə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin (CİPM) Qarşılıqlı Tanınma Razılaşmasını (MRA) imzalayıb.

"Report" Komitəyə istinadən xəbər verir ki, Qarşılıqlı Tanınma Razılaşmasının imzalanması Azərbaycanda həyata keçirilən ölçmələrin nəticələri, həmçinin kalibrləmə sertifikatlarının beynəlxalq tanınmasının təmin olunması kimi nailiyyətlərin əldə edilməsinə imkan verəcək. Bununla yanaşı, ölkə müəssisələrində məhsul istehsalının keyfiyyət göstəricilərinə nəzarət üçün aparılan ölçmələrin nəticələrinin dəqiqliyini və etibarlılığını təmin etməklə, həmin məhsulların keyfiyyətinin regional və beynəlxalq səviyyədə tanınmasına müsbət rəyin yaradılmasına, Azərbaycanın milli etalonlarının beynəlxalq tutuşdurulmalarda iştirak etməsi və onların beynəlxalq səviyyədə tanınmasına zəmin yaradacaq.

Qeyd edək ki, Metrik Konvensiya 1875-ci il mayın 20-də Parisdə 17 ölkənin hökumətlərinin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış beynəlxalq konvensiyadır. Metrologiya sahəsində elmi-texniki tərəqqinin əsası qoyulan bu sənədlə ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sisteminin tətbiq edilməsinə başlanılıb və onun əsasında Beynəlxalq Vahidlər Sistemi yaradılıb.

Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro Metrik Konvensiyanın imzalanması ilə təsis olunan dövlətlərarası beynəlxalq təşkilatdır və Çəkilər və Ölçülər üzrə Baş Konfransın daimi fəaliyyət göstərən işçi orqanıdır. Çəkilər və Ölçülər üzrə Baş Konfransa üzv olan dövlətlər metrologiya elmi, həmçinin etalonların yaradılması və tətbiqi ilə bağlı birgə fəaliyyəti həyata keçirirlər. Bu təşkilatın işinin elmi istiqaməti ölçmələrin metrik sisteminin təkmilləşdirilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi