Yuxarı

Azərbaycan avtomobil idxalını 8 dəfə azaldıb

Bu il xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2 dəfə azalıb

Bakı. 17 may. REPORT.AZ/ Cari ilin yanvar-aprel aylarında Azərbaycana 1 742 ədəd avtomobil idxal olunub. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 148 ədəd yaxud 7,4 dəfə azalma deməkdir. Belə ki, ötən ilin yanvar-aprel aylarında bu göstərici 12 890 ədəd təşkil edib.

Avtomobil idxalının 1 509 ədədi və ya 86,63%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 7,8 dəfə azalıb.

Bundan başqa, hesabat dövründə ölkəyə 152 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə azdır.

Həmçinin, sürücü də daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 393 ədəddən 16,4 dəfə azalaraq 24 ədədə düşüb, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2 dəfə azalaraq 112-dən 57-yə düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi