Bakı. 17 mart. REPORT.AZ/ Nazirlər Kabinetinin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərarı ilə əlaqədar olaraq martın 27-dən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin uçuş cədvəlinə düzəliş olunacaq. Bu barədə “Report”a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, AZAL-ın bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.
Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.
"Azərbaycan Hava Yolları" QSC-nin bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək.