Yuxarı
    Bağlamaq

    AZAL-ın İOSA auditinin nəticələri açıqlanıb

    Milli aviadaşıyıcı yoxlamanı uğurla keçib

    Bakı. 21 sentyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının İOSA (IATA Operational Safety Audit) standartına uyğunluğu üzrə audit yoxlama prosedurunu keçib. 

    Bu barədə "Report"a AZAL-dan bildirilib. 

    Məlumata görə, bu audit aviaşirkəti bir daha mülki aviasiyada ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı aviadaşıyıcı kimi təsdiqləyib.

    İOSA (IATA-nın İstismar Təhlükəsizliyinin Audit proqramı) - bir neçə bölmə üzrə strukturlaşdırılan bir neçə yüz məcburi standart və tövsiyyə olunan prosedurlardır. Aviaşirkət auditin keçirilməsi zamanı bu standartlara və tövsiyyə olunan prosedurlara cavab verdiyini təsdiq etməlidir. Təhlükəsizlik təhlili təkcə aviaşirkətin istehsal fəaliyyətinin deyil, həm də onun təşkilati strukturunun qiymətləndirilməsini nəzərdə tutur. İnsan amili təsirindən risklərin minimallaşdırılması sistemi və düzəliş əməliyyatlarının vaxtında təmin edilməsinə imkan verən əks əlaqə sistemi nəzərdə tutulub. Aviaşirkətin hər bir əməkdaşının hərəkətləri ən xırda təfərrüatına kimi qeyd edilir ki, bu da uçuşların təhlükəsizliyinin təmin edilməsi texnologiyası haqqında danışmağa imkan verir.

    "Aviaşirkətimizdə təhlükəsizlik məsələsi hər zaman ən prioritet məsələlər sırasında olmuşdur. "Azərbaycan Hava Yolları" artıq beşinci dəfədir ki, İOSA auditini uğurla keçir və bu bir daha təsdiq edir ki, bizim standartlar bütün beynəlxalq tələblərə uyğundur", deyə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirib.

    Qeyd edək ki, "Azərbaycan Hava Yolları" 1993-cü ildən IATA-nın üzvüdür.

    2015-ci ilin iyun ayında aviasiya daşımaları sahəsində dünyanın ən nüfuzlu reytinq şirkəti olan Skytrax konsaltinq şirkəti AZAL-ı nüfuzlu dörd ulduz reytinqi - The World's 4-STAR Airline reytinqinə layiq görüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi