Yuxarı

AZAL ​"əl baqajı"nın icazə verilən ölçüsünü azalda bilər

Əl baqajının həcmi 5 sm azala bilər

Bakı. 12 iyun. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC təyyarənin salonunda əl yükünün daşınma normasında dəyişiklik edərək ölçüsünü azalda bilər.

"Report"un verdiyi xəbərə görə, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) əl baqajı yerlərinin daha sərfəli istifadəsi məqsədilə əl baqajlarına standart gətirməyi planlaşdırdıqlarını açıqlayıb.

IATA beynəlxalq hava yolu daşımasının 84%-ni əhatə edən 260 böyük aviaşirkətə təyyarə salonunda əl baqajlarının maksimum həcmini məhdudlaşdırmağı tövsiyə edib. IATA-nın baş rəhbər yardımçısı Tom Vindmüller bildirib ki, bu yenilik fərqli ölçülərdə olan çantaların yaratdığı problemləri həll edəcək.

Assosiasiyanın təklifinə bəzi böyük aviasiya şirkətlərinin müsbət cavab verdiyi açıqlanıb. Tənzimləmənin həyata keçirilməsi ilə sərnişinin özü ilə təyyarə salonuna aldığı əl baqajı maksimum 110 sm (55 sm x 35 sm x 20 sm) həcmində olacaq. Hazırda isə AZAL-ın bu norması 115 sm-dir (55x20x40). Ümumiyyətlə, AZAL təyyarələrinin salonunda əl yükünün daşınma normasına əsasən, "biznes sinif" sərnişinlər üçün 2 yer (ümumi 15 kq), "ekonom sinif" sərnişinlər üçün 1 yer (8 kq) verilir. 

Qeyd edək ki, AZAL 1997-ci ildən IATA-nın üzvüdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi