​Azadlıq prospektinin daha bir hissəsi təmir edilib

​Azadlıq prospektinin daha bir hissəsi təmir edilib Təmir olunan hissənin uzunluğu təqribən 450 metrdir
İnfrastruktur
2 İyun , 2016 12:43
​Azadlıq prospektinin daha bir hissəsi təmir edilib

Bakı. 2 iyun. REPORT.AZ/ “Azəravtoyol” ASC tərəfindən Bakı şəhəri Azadlıq prospektinin daha bir hissəsi təmir olunaraq sürücülərin ixtiyarına verilib

“Report”un “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinə istinadən verdiyi xəbərə görə, təmir olunan hissənin uzunluğu təqribən 450 metrdir və Cəfər Xəndan küçəsi ilə Məsud Davudoğlu küçəsinin (6 mkr-n istiqamətində) kəsişməsi arasında yerləşir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə, 10 min kv. metr ərazi asfaltlanıb.

Bundan başqa, təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və 900 poqon metr köhnə səki daşları yeniləri ilə əvəzlənib. Eyni zamanda, zəruri olan yerlərdə yeraltı kommunikasiya xətləri yenilənib.

Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi “cib”li dayanacaqlar yaradılıb. Bu dayanacaqların uzunluğu 20 metr, eni isə 3,5 metrdir. Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb.

"Hazırda prospektin digər hissəsində, daha dəqiqi M.Davudoğlu və Süleyman Sani Axundov küçələri arasında yerləşən ərazidə təmir-tikinti işləri davam etdirilir. İşlər tərtib olunan qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub", - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, ilkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-"Baksol" avtomobil yolunun kəsişməsinədək olan 3,2 km-lik hissəsinin təmir olunması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi