Yuxarı
    Bağlamaq

    ​Azadlıq prospektində avtonəqliyyatın hərəkətində dəyişikliklər edilib

    Avtonəqliyyat vasitələrinin prospektdən Cəfər Xəndan küçəsinə işıqfordan dönmək qadağan olunub

    Bakı. 11 avqust. REPORT.AZ/ “Azəravtoyol” ASC Bakı şəhərinin Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edib.

    “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a bildirilib ki, dəyişikliyə görə, avtonəqliyyat vasitələrinin prospektdən sağa, Cəfər Xəndan küçəsinə işıqfordan dönmək qadağan olunub. Bunun əvəzinə sürücülərin kəsişməyə çatmamış köməkçi yoldan istifadə edərək maneəsiz saga doğru hərəkət etmələri üçün şərait yaradılıb. C.Xəndan küçəsinə doğru rahat hərəkəti təmin etmək üçün köməkçi yolda genişləndirmə işləri aparılıb, asfalt-beton örtüyü yenilənib.

    Tətbiq olunan daha bir dəyişiklik isə müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub. Belə ki, avtobusların ümumi hərəkətə mane yaratmadan hərəkətini təmin etmək, bununla da sıxlığı aradan qaldırmaq üçün onların C.Xəndan küçəsi ilə kəsişmədən prospektin əsas yolu ilə Süleyman Sani Axundov küçəsi ilə kəsişməyə doğru ("Azadlıq" metro stansiyası) hərəkətinə qadağa qoyulub. Artıq onların hərəkəti köməkçi yola yönəldilib. Avtobuslar da C.Xəndan küçəsi ilə kəsişməyə çatmamış köməkçi yola daxil olur. Daha sonra kəsişməni keçərək yan yolla hərəkətlərinə davam edə bilir. Bunun üçün sözügedən ərazidə təmir işləri aparılıb, əlavə “cib”li avtobus dayanacaqları inşa edilib, zəruri olan yerlərdə yol nişanları və C.Xəndan küçəsi ilə kəsişməyə əlavə işıqforlar quraşdırılıb.

    Sərnişin avtobuslarının və digər avtonəqliyyat vasitələrinin prospektin yan yolundan Məsud Davudoğlu küçəsinə (VI mkr-n istiqamətində) keçidini təmin etmək üçün əsas yola doğru yeni hissə açılıb. Yeni yol hissəsindən M.Davudoğlu küçəsinə keçid işıqforlarla tənzimlənir.

    S.S.Axundov küçəsinə doğru irəliləyən avtobuslar isə sözügedən küçə ilə kəsişmədə yaradılan xüsusi dayanacaqlı hissəyə daxil olduqdan sonra M.Ə.Rəsulzadə qəsəbəsinə doğru prospekt boyunca hərəkətlərinə davam edə biləcək. Sözügedən küçə ilə prospektə doğru hərəkətdə olan avtonəliyyat vasitələri üçün geri dönməni təmin etmək məqsədi ilə yeni yol hissəsi salınıb.

    Əks istiqamətdən gələn ictimai nəqliyyat üçün də sözügedən kəsişmədə xüsusi dayanacaqlı hissə yaradılıb. Bura daxil olan avtobusların hərəkəti müəyyən bir məsafədə köməkçi yolla yönəldilib. Daha sonra avtobuslar prospektin əsas yoluna çıxaraq hərəkətlərinə davam edə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi