Yuxarı

Azərbaycanla İran arasında dəmir yolu körpüsünün tikintisi ilə bağlı Tehranda müzakirələr aparılıb

Dekabrın 27-də dəmir yolu və sərhəd xidmətinin səlahiyyətli nümayəndələrinin görüşü təşkil olunacaq

Bakı. 22 dekabr. REPORT.AZ/ Tehranda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astaraçay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün tikintisi layihəsi üzrə Azərbaycan və İran dəmir yollarının işçi qurupunun iclası keçirilib.

Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "Report"a bildirib ki, qurumun sədri Cavid Qurbanov iclasda çıxış edərək deyib ki, Şimal-Cənub beynəlxalq dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz Avropa ölkələri, Rusiya, Mərkəzi Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

İran dəmir yolunun baş direktoru Mohsen Purseyid Ağayi çıxış edərək Şimal-Cənub dəhlizinin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini bildirib.

Sonra Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün tikintisi layihəsi üzrə müzakirələr aparılıb. Bildirilib ki, tərəflər noyabrın 8-9-da Tehranda mütəxəssislərin keçirilən iclasının protokolunun maddələrinin qüvvədə qaldığını təsdiq edirlər. İran tərəfi dekabrın 14-də körpünün layihəsinin 5 variantını Azərbaycan tərəfinə təqdim edib, Azərbaycan tərəfi dekabrın 16-da ikinci variantı (3x26,75) seçərək qəbul etdiyini İrana məlumat verib. İclasın sonunda müvafiq protokol imzalanıb.

Protokola əsasən, qərara alınıb ki, İran tərəfi geologiya işlərinin Azərbaycan ərazisində icrasının təşkili məqsədi ilə Azərbaycan sərhədini keçəcək işçilərinin pasport məlumatlarını Azərbaycan tərəfinə təqdim etməlidir. Eyni zamanda, Azərbaycan tərəfi müvafiq orqanlardan İran mütəxəssislərinin Azərbaycan sərhədinə girişini təmin edəcək. Bununla bağlı dekabrın 25-27-də tərəflərin mütəxəssislərinin görüşü təşkil ediləcək.

Müzakirələrdən sonra qərara alınıb ki, Azərbaycandan İrana gedən istiqamətdə 1 520 mm standartlı dəmir yolu xətti sağda, 1 435 mm standartlı dəmir yolu xətti isə sol tərəfdə yerləşəcək. İrandan Azərbaycan istiqamətində isə 1 520 mm standartlı dəmir yolu solda, 1 435 mm standartlı dəmir yolu xətti isə sağda yerləşəcək.

Eyni zamanda, dekabrın 27-də dəmir yolu və sərhəd xidmətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə layihə yerində görüşün təşkili və köprünün sıfır nöqtəsinin təyin olunması qərara alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi