Astara Rayon İcra Hakimiyyətinə 5,5 milyon manat ayrıldı

Astara Rayon İcra Hakimiyyətinə 5,5 milyon manat ayrıldı Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb
İnfrastruktur
13 Aprel , 2015 19:02
Astara Rayon İcra Hakimiyyətinə 5,5 milyon manat ayrıldı

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncamda bildirilir ki, son illərdə Astara rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, Modul tipli Elektrik və Astara Qaz-Kompressor Stansiyaları, Olimpiya İdman Kompleksi, Gənclər evi, Boks Mərkəzi, dənizkənarı park-bulvar kompleksi, əlil və şəhid ailələri üçün 48 mənzilli 2 yaşayış binası inşa olunub, 90 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət evi əsaslı təmir edilmiş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilib, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, səksən dörd min nəfər əhalinin yaşadığı 83 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 67 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulub.

Dövlət başçısı Astara şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, o cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə qərara alıb:  

Astara şəhərində 860 yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə Astara Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan 5,5 milyon manat, o cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri üçün 2,5 milyon, kəndlərarası avtomobil yollarının yenidən qurulması üçün ilkin olaraq 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi