Yuxarı
    Bağlamaq

    Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçıları görüşüblər

    Danışıqların yekununa dair protokolun imzalanması nəzərdə tutulur

    Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Qazaxıstanın paytaxtı Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçıları bir araya gəliblər.

     “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələrinin də iştirak etdiyi iclas çərçivəsində “Nəqliyyat infrastrukturunun inkişafı, TBNM üzrə daşımaların effektivliyinin və rəqabətədavamlığının artırılması” mövzusunda "dəyirmi masa" təşkil olunub.

    Cəmiyyətdən "Report"a daxil olan məlumata görə, Qazaxıstan, Çin, Ukrayna, Polşa, Türkiyə, Azərbaycan, Gürcüstan, Litva, Latviyanın dəmir yol, liman, gəmiçilik və logistika şirkətlərindən 80-dək nümayəndənin qatıldığı "dəyirmi masa"da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, onun üstünlükləri, hazırkı vəziyyəti, imkanları və inkişaf perspektivləri barədə geniş məlumat verilib. Bildirilib ki, bu nəqliyyat marşrutu daimi və sabit olması ilə seçilir.

    İclasda liman və dəmiryol infrastrukturunun genişləndirilməsi barədə müzakirələr aparılıb. Aktau, Kurık və Ələt limanlarının, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyəti vurğulanıb.

    Müzakirələrdə TBNM Beynəlxalq Assosiasiyasının təsisçiləri və Çinin Nəqliyyat və Kommunikasiya Assosasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

    Toplantıda “Polşa Dəmir Yolları” ASC-nin assosiasiyanın hüquqi şəxslər ittifaqına üzvlüyü və Bolqarıstan, Rumıniya, Ukraynanın Qara dəniz limanlarından daşınan konteynerlərinin rəqabətədavamlı tariflərinin müəyyən edilməsi məsələləri də müzakirəyə çıxarılıb.

    Günün sonunda danışıqların yekununa dair protokolun imzalanması nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi