Yuxarı
    Bağlamaq

    Ağsu dolaylarında ağır yük maşınlarının hərəkətinə məhdudiyyət qoyulub

    Çəkisi 3 500 kq-dan çox olan avtomobillərə alternativ yollar təklif edilir

    Bakı. 22 iyun. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci (Ağsu dolayları) və 160-172-ci km-lik hissələrində (Ağsu şəhərinin çıxışından Girdmançay körpüsünə qədər olan hissə) aparılan təmiri işləri yekunlaşdırılıb.

    "Azəravtoyol" ASC-dən "Report"a verilən məlumata görə, sözügedən hissələrdə intensiv hərəkət nəticəsində yolun asfalt-beton örtüyündə qabarmış və dağılmış hissələr yaranıb. Bunu aradan qaldırmaq üçün təmir işləri zamanı asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Əvəzinə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə yolun 143-158-ci (Ağsu dolayları) və 160-172-ci km-lik hissələrində 150 min kv. metrdən çox ərazi asfaltlanıb.

    Bu işlərə paralel olaraq yol boyu çiyinlərin bərkidilməsi və küvetlərin təmizlənməsi də həyata keçirilib.

    Aparılmış təmir-bərpa işlərindən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

    Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci km-lik hissəsində (Ağsu dolayları) istinad divarlarının bərpası və suvanması işləri həyata keçirilib, həmçinin sərt döngələrdə və digər zəruri yerlərdə yol kənarlarına təhlükəsizlik məqsədi ilə xüsusi dəmir-beton maneələr düzülüb.

    "Sözügedən ərazidə təhlükəsizlik məqsədi ilə atılmış daha bir addım kütləsi 3500 kq-dan, hündürlüyü də 2,75 metrdən çox olan yük maşınlarının hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir. Ağsu dolayları ilə bu məhdudiyyətin tətbiq edilməsi həm yük maşınları sürücülərinin özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır. Çünki Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci km-lik hissəsi enişli-yoxuşlu, sərt döngəli bir yoldur. Bununla bağlı olaraq həm Şamaxı rayonu, həm də Ağsu rayonu istiqamətindən müvafiq yol nişanlarının və Ağsu dolaylarına girişdə hündürlüyü məhdudlaşdıran xüsusi maneələrin quraşdırılması işləri aparılıb", - deyə şirkətdən bildirilib.

    Yük maşınlarının sürücülərindən alternativ olaraq Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarından, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolundan istifadə etmələri tövsiyyə olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi