2018-ci ilin I yarısında ölkənin su anbarlarında 15 mlrd. kubmetrdən çox su yığılıb

2018-ci ilin I yarısında ölkənin su anbarlarında 15 mlrd. kubmetrdən çox su yığılıb Bakı. 10 iyul. REPORT.AZ/ Abşeron yarımadasında zeytunçuluğun, badamçılığın və digər kənd təsərrüfatı bitkilərinin inkişafını təmin etmək üçün Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilir. Eyni zamanda, Xəzər və Pirallahı rayonlarının ərazilərində yaradılmış aqroparklara məxsus 4 min hektar sahənin birinci mərhələdə 758 hektarı suvarma suyu ilə təmin edilib, 1226 hektar sahənin su təminatı üçün nasos stansiyalarının, basqılı boru kəmərlərinin və su hovuzlarının tikintisi işlərinə başlanılıb.
İnfrastruktur
10 İyul , 2018 08:23
2018-ci ilin I yarısında ölkənin su anbarlarında 15 mlrd. kubmetrdən çox su yığılıb

Bakı. 10 iyul. REPORT.AZ/ "Abşeron yarımadasında zeytunçuluğun, badamçılığın və digər kənd təsərrüfatı bitkilərinin inkişafını təmin etmək üçün Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilir. Eyni zamanda, Xəzər və Pirallahı rayonlarının ərazilərində yaradılmış aqroparklara məxsus 4 min hektar sahənin birinci mərhələdə 758 hektarı suvarma suyu ilə təmin edilib, 1226 hektar sahənin su təminatı üçün nasos stansiyalarının, basqılı boru kəmərlərinin və su hovuzlarının tikintisi işlərinə başlanılıb".

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib.

O əlavə edib ki, cari ildə “Qax Aqropark”ın 900 hektara yaxın, Şəki və Oğuz rayonları ərazisində yaradılmış aqroparkların qoz-fındıq bağları salınacaq 12 min hektar torpaq sahələrinin suvarma suyu ilə təmin olunması işləri davam etdirilir.

"Ölkənin mühüm strateji əhəmiyyətli Samur-Abşeron və Xanarx kanallarının Vəlvələçay, Qudyalçay və Qusarçay çayları ilə kəsişmə qurğularında karxanaların qanunsuz fəaliyyəti nəticəsində yaranmış qəzalı vəziyyətlərin aradan qaldırılması üzrə hazırda təxirəsalınmaz tədbirlər davam etdirilir.

Ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, əkin sahələrinin dövriyyəyə verilməsi, normal suvarmanın təmin edilməsi, xüsusilə pambıqçılığın, taxılçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın və heyvandarlığın inkişafı üçün qarşımızda qoyduğunuz mühüm vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi məqsədilə Səhmdar Cəmiyyəti tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.

Cəmiyyətin bütün torpaqqazan texnikaları (1640 ədəd) suvarma və kollektor-drenaj şəbəkələri üzərinə köçürülüb, şəbəkələrin təmiri üzrə plan-qrafik tərtib edilib, işlərin icrası ciddi nəzarətə götürülüb", - deyə o vurğulayıb.

Sədrin sözlərinə görə, istismar tədbirlərinə ayrılmış vəsait hesabına 8200 kilometr suvarma kanalları, 1600 kilometr kollektor-drenaj şəbəkəsi və 2600 ədəd hidrotexniki qurğu təmir edilib.

"2018-ci il iyul ayının 2-nə respublikanın su anbarlarında 15 milyard kubmetrdən artıq su yığılıb. Su anbarlarında toplanılmış su ehtiyatları və meliorativ sistemlərdə aparılan təmir-bərpa işləri kənd təsərrüfatı bitkilərinin normal suvarılmasına şərait yaradıb. İyulun 1-nə respublikanın rayonları üzrə 1 milyon 382 min hektar sahədə kənd təsərrüfatı bitkiləri orta hesabla 2 dəfəyə yaxın suvarılıb. Hazırda vegetasiya suvarmaları uğurla davam etdirilir", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi