Yuxarı
    Bağlamaq

    Yusif Vəliyevin anadan olmasının 100 illiyi qeyd olunacaq

    Tədbir ADGTT-nın kollektivi tərəfindən Yusif Vəliyevin məzarını ziyarət edilməsi ilə başlayacaq

    Bakı. 5 may. REPORT.AZ/ Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə iyunun 2-də Gənc Tamaşaçılar Teatrında xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

    Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

    Tədbirdə vaxtilə sənətkarla bir çalışmış həmkarları çıxış edərək görkəmli aktyor haqqında fikirlərini bölüşəcək, onun çəkildiyi filmlərdən və oynadığı rollardan kadrlar nümayiş etdiriləcək. Tədbirin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, aparıcı əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlidir.

    Teatrın foyesində ölməz aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunacaq.

    Tədbir ADGTT-nın kollektivi tərəfindən Y.Vəliyevin məzarını ziyarət edilməsi ilə başlayacaq.

    Qeyd edək ki,  Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə anadan olub. 1933-1936-cı illərdə Bakı Teatr Texnikumunda təhsil alıb.

    Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələr, sözsüz rollar ifa edən aktyor, eyni zamanda Yəhudi Dövlət Dram Teatrında da işləyib. Texnikumu bitirəndə yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib.

    1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. O, Teatrın rus bölməsində hazırlanan Mixail Şatrovun "İnqilab naminə" pyesinin tamaşasında Lenin rolunu çox böyük müvəffəqiyyətlə ifa edib.

    Sənətkar 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1979-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub.

    Görkəmli aktyor 1980-ci il mart ayının 18-də vəfat edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi