Yuxarı

"Yaşar böyüməyən balaca uşaq kimiydi" - ÖMRÜN PƏRDƏARXASI

Onsuz yarımçıq qalmışıq, çevrəsindən çıxan oxa bənzəyirəm

Rəhimə Nuriyeva: "Onsuz yarımçıq qalmışıq, çevrəsindən çıxan oxa bənzəyirəm"

İki ildir tez-tez üz tutduğu məkan Fəxri Xiyabandır. Ondan "Hara gedirsən" - deyə soruşanda "Yaşarla görüşəcəm" - cavabını verir. Yalnız onunla, ömür-gün yoldaşı olan Yaşar Nuriylə "görüşəndə" rahatlıq tapır, yaralarına məlhəm olur.

Söhbət Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevadan gedir.

Görkəmli sənətkarımızı yad edə-edə, fotoqrafımız Orxan Əzimlə birlikdə Rəhimə xanımın görüşünə gedirik. Yaşar Nuri adı çəkiləndə sevinən, kövrələn, xatirəsini əziz saxlayan, bütün varlığıyla onu sevən Rəhimə xanımla...

- Yaşarsız iki il... Uzun zamandır deyəsən...

- Pərakəndəlik yaşayırıq. Onsuz yarımçıq qalmışıq. Çevrəsindən çıxan oxa bənzəyirəm. 38 il birlikdə yaşamışıq. Alışqanlıq, sevgi... Baxmayaraq ki, mənim yaşıma belə danışmaq bəlkə də yaraşmır. Ancaq niyə hisslərimi gizlədim? Yaşarın yoxluğu ilə sevgimi itirmişəm. 38 il ərzində Yaşarı 7-8 illik xəstəlik illərində görə bildim. Ömrü çəkilişlərdə, teatrda, kinoda keçdi. Buna baxmayaraq ailəsinə qarşı çox diqqətli idi. Heç nədən korluğumuz olmayıb. İndi isə tək ehtiyacımız Yaşarsızlıqdır. Yeri təkcə evdə, ailədə deyil, teatrda da çox görünür. Onu unutmayıblar. Sizə deyim ki, bu iki ildə mən də boş oturmadım. Yaşarın qəbirüstü abidəsinin hazırlanması, onun haqqında İlham Rəhimlinin yazdığı kitabın təqdimat mərasiminin təşkili - bunların hamısının ideya müəllifiyəm. Yaşarla bağlı nəyi bacarıramsa edirəm.

- Yaşar Nurinin xanımı olmaq necə hissdir? Acısı şirinindən çoxdur?

- Təbii ki, tanınmış sənətkarın həyat yoldaşı olmaq heç də asan deyil. 38 il bir igidin ömrüdür. Bu illər ərzində müxtəlif söz-söhbətlər, narazılıqlar da olub, bu da təbiidir. Belə bir insanın xanımı olmaq şərəfdir. Mən xoşbəxt olmuşam. Xüsusən də, son 7-8 ildə Yaşarla əl-ələ gəzirdik. Hərdən zarafatla "Yaşar, insan qocalanda, yaşa dolanda belə olur?" - soruşurdum... (Susur)

...Həmişə ictimaiyyət içərisində olmuşam. Ailə qurandan sonra 3 il ərzində Yaşar məni heç yerə getməyə qoymadı. Buna etiraz etmədim, çünki öz ailəmizdə belə tərbiyə almışdım. Ailəmizdə deyirdilər ki, evdə kişinin sözü əsasdı. Yaşarın hər istədiyini yerinə yetirirdim. Bilirsən qızım, sənət adamının ailəsində hər şey qaydasında, onun qadını anlayışlı, diqqətli olanda, sənətkar bütöv olur, xırdalanmır. Sənətkarın şəxsiyyətini öncə ailəsi qorumalıdır. Yaşarı məişət qayğılarından uzaq tutmağa çalışırdım...

Şükür Allaha iki qızım var, bu yaxınlarda nəvə də gördüm. Heyif ki, Yaşar nəvə görmədi, qucağına ala bilmədi. Nəvəmin adını Yaşarın şərəfinə Gülnar qoyduq. "Səni axtarıram" tamaşasındakı Elçinin Gülnarının adını...

- Deyəsən, siz muzey açmaq istəyirdiniz... Muzeyin Novxanıda olmağını istəyirsiniz?

- Yaşarın arxivini toplamışam. Həmin arxivdə köhnə qəzet səhifələri, fotolar, onun şəxsi əşyaları, üzükləri, saatları, təsbehləri hamısını toplayıb bir yerə yığmışam. Lazım olan yerlərə müraciət etdim. Hələlik istəyimi yerinə yetirə bilmirəm. Bəzi səbəblərə görə həmin qurumların adını çəkmək istəmirəm. Arzum Novxanıda, bizim bağ evində adını əbədiləşdirmək, adına muzey açmaqdır.

- Əslində, mənim üçün fərqi yoxdur. Novxanıda olsun, ya keçmiş evimizdə. Əsas odur ki, Yaşarla bağlı nəsə bir yer olsun ki, onu sevənlər, gələcəkdə filmlərdə, tamaşalarda görüb tanıyanlar o məkana gəlsinlər... Bilirsiz ən böyük arzum nədir? Hərdən düşünürəm ki, Prezdent İlham Əliyev, yaxud xanımı Mehriban Əliyevayla görüşə bilsəydim bir xahişimin yerinə yetirilməsini istəyərdim.

- Nə xahiş?

- Onlardan da, tək xahişim barelyeflə bağlı olardı. Heydər Əliyev sarayının yanındakı evin divarına barelyef vurulmasını çox istəyirəm. O evdə 15 il yaşamışıq.

- Cəmiyyətdə həmişə ikitirəlik olub. Bir qrup adam deyib ki, aktyor sənətdə necədirsə ailədə də o cürdür, başqa bir qrup isə tam əksini söyləyir. Bəs, Yaşar Nuri... İnsanları güldürən, düşündürən, kədərləndirən Yaşar Nuri ailədə necə idi?..

- Yaşarın xarakteri çətin idi. Bir də gördün, uşaq kimi olurdu. Uşağın nazı ilə oynayan kimi onun hər dediyini edirdim, xətrinə dəymirdim. Xüsusən də tamaşadan, çəkilişdən əvvəl çalışırdım ki, onu incidə biləsi, əsəbiləşdirəcək bir şey etməyim.

- Yaşar Nurini özündən nə çıxardırdı?

- Soruşun, onu nə əsəbləşdirməyə bilərdi. Özündən tez çıxırdı. Son illər xəstə yatanda keçdiyi ömür yoluna nəzər salırdı. Təəssüfləndiyi məqamlar çox olurdu. Mənə elə bağlanmışdı ki, bir saat yanında olmayanda darıxırdı, əzizləyirdi. Həmişə deyirdi ki, "özünü qoru, sənə nəsə olsa mən neyləyərəm. Heç kim mənə sənin kimi baxmaz". Qızlara tapşırırdı ki, "ananı incitməyin, sözünə baxın. Onu tək qoymayın, çox əziyyət çəkir". Özü xəstəliyinin ciddiliyini bilirdi.

- "Hər bir məğrur kişinin arxasında dəyanətli qadın dayanır" fikrini sizin üçün deyiblər...

- Hərdən deyirdim ki, Yaşar başqasını istəyirsən get. Məndən yaxşısı olsa, onun yanına get. Axşam evə gələndə soruşurdum ki, necə oldu, yaxşısını tapmadın? Deyirdi ki, "Səndən yaxşısı yoxdur". Çünki onun nazıyla məndən başqası oynamazdı (Gülür). Bir də görürdün təpiklə hər şeyi vurub dağıdırdı. Nəsə xoşuna gəlmirdi, aləmi bir-birinə qatıb gedirdi. O qayıdana qədər tökdüklərini yığırdım. Heç vaxt üzünə qayıtmazdım. Əsəbi olan kişini belə şeylər sakitləşdirir.

- Teatrda, çəkilişdə baş verənləri evdə danışırdımı?

- Onu ən çox əsəbiləşdirən özündən razı gənclərin yekəxanalığı idi. Yaşar qəzəblənirdi ki, "Axı, bunlar kimdir? Sənətdə nə etdilər ki, belə yekəxana oldular?" Ancaq Yaşara qarşı heç vaxt pis münasibət olmayıb. Qrim otağında, dəhlizdə nə baş verirdi, bunu mən bilmirdim. Amma elə ki, səhnəyə çıxdı, vəssəlam. Bütün səhnəni oynadırdı. İmprovizələr etməyi çox sevirdi.

- Yaşar Nuri səhnəyə çıxmazdan öncə alqış səsləri gələrdi...

- Aktyoru, sənət adamını yaşadan alqışlardı. Evdə də yalnız teatrdan, sənətdən danışırdı. Hər dəfə deyirdi ki, mən yenidən səhnəyə necə çıxacam? Mən deyirdim ki, darıxma, sənin üçün xüsusi əsərlər yazacaqlar. Səni səhnəyə arabada da, olsa çıxardacaqlar. Yenə də oynayacaqsan. Düzdür, bunları deyəndə bilirdim ki, daha əvvəlki kimi olmayacaq. Amma ona ruh verirdim. Sizə deyim ki, inanırdı. Çünki inanmaq istəyirdi. Bu söhbətlər Yaşara güc verirdi.

Söhbətə fotoqrafımız Orxan qoşulur. O, müsahibimizdən "son dövrlərdə Yaşar müəllim kimləri görmək istəyirdi?" - deyə soruşur.

- Kimi görmək istəyirdisə görə bildi. Bilirsiz, onun yanına çox adamlar gəldilər. Gözü yolda qalmadı. Həm Türkiyədə olanda, həm də Bakıda xəstə yatanda onun ziyarətinə çox adam gəldi. Amma, lap kefi olmayanda, deyirdim ki, bəlkə Firəngizə zəng edim? Həmin dəqiqə kefi yaxşılaşırdı. Yaşarın ən çox sevdiyi dostu Firəngiz idi. Onunla bir-birlərin başa düşürdülər. Bəlkə də, Firəngiz onun sevdiyi qadın olub. Dərd-sərləri bir idi.

- Rəhimə xanım, düzdür ki, son günlər yuxuda Həsənağa Turabovu görüb?

- Nəinki son günlər, ümumiyyətlə son bir ildə dünyasını dəyişmiş dostlarını yuxuda tez-tez görürdü. Amma Həsənağa Turabov daha çox yuxusuna girirdi. Həyatda yaxın dost olublar. Ölümündən 10 gün qabaq, Turabovu yuxuda görmüşdü. Sonra mənə danışdı ki, " Turabov məni çağırdı. Dedi ki, gəlmirsən?" Bu yuxunu mənə danışanda ürəyim səksəndi. Artıq əcəlin ona yaxınlaşdığını hiss edirdim. Həm də süni nəfəs aparatına qoşulmuşdu. Danışa, nəfəs ala bilmirdi. Ölümündən bir neçə gün əvvəl süni nəfəs aparatına qoşublar. Götürüb evə zəng çalıb. Telefonda səsin eşidəndə inanmadım. "Dedim, Yaşar sənsən? Tez soruşdu ki, nə var, nə yox? Məni soruşan olub?" Bunu demək adəti idi. Hər dəfə evə gələndə, teatra gedəndə soruşurdu ki, məni axtaran, soruşan olub? Mən də xəstəliyi vaxtı birinin üstünə beşini də qoyub deyirdim ki, hə soruşublar, çox adam soruşub. Diqqəti çox sevirdi. Biləndə ki, onu axtaran, soruşan çoxdur, sevinirdi. Son günlərində reanimasiyada yatırdı. Evə sonuncu telefon zəngində dedi ki, "Yanıma gəlmirsən? Nə vaxt gələcəksən?" Dedim ki, "Ay Yaşar, axı məni ora buraxmırlar. Dedi yox, gəl və ağladı...( Kövrəlir)

Bunu çox açıqlamaq istəmirəm. Reanimasiyada yatmaq ürəyincə deyildi. Darıxırdı, çox darıxırdı. Baş həkimlə danışdım ki, "bəlkə palataya köçürək". Dedilər ki, olmaz.

Pəncərəsiz yer, bütün bədəni aparatlarla zəbt olunmuş vəziyyətdə. Bu onu çox sıxırdı. Onu palataya köçürdə bildim. Üzü güldü, amma vəziyyəti çox ağır idi. Təəssüf ki, bu son günü oldu. Bu barədə çox danışmaq istəmirəm.. (susur)

- Bir məsələyə də, istəyirik aydınlıq gətirəsiz. Yaşar Nuri dünyasını dəyişəndən sonra söz-söhbətlər gəzdi ki, özünü qorumadı, içki içdi və s.

- Bu söhbətlər məni də incidir. İnsanın şəxsiyyətini belə alçaltmaq olmaz. Guya, kim içmir ki? Dünyada bütün aktyorlar, bütün sənət adamları içirlər. Amma hamı onların sənətindən danışır. İçki içməyindən danışmır ki? Elə məsələlər var ki, onlara toxunmaq olmaz. Sənət adamlarının sənətindən, istedadından yazmaq daha yaxşıdır, nəinki onların şəxsi həyatlarını alt-üst etmək. Düzdür kimsə ürəyi yandığından deyə bilər. Amma müzakirə etmək düzgün deyil. İşinə, sənətinə məsuliyyətlə yanaşırdı. Ona görə də, Yaşar haqqında kiminsə bildi, bilmədi danışmasına qarşıyam.

- Rəhimə xanım müsahibələrinizin birində deyirsiz ki, musiqiçi ola-ola muğamatı sizə Yaşar sevdirib. Onunla birlikdə yaşadığınız 38 ildə daha nələri sevdiz?

- Onun muğamata sevgisi bir başqa idi. Mənim kimi musiqinin əsaslarını keçən, notu bilən adama  muğamatı Yaşar öyrətdi. Özü də muğamın şöbələrindən, keçidlərindən yaxşı başı çıxırdı. Musiqi duyumu əla idi. Qulaq asmaqla deyirdi. Muğamı qəlbən duyurdu. Qulu Əsgərovu, Rəşid Behbudovu, Sara Qədimovanı, xüsusilə də Zeynəb Xanlarovanı çox sevirdi və mənə də, sevdirdi. Qızım Ülkərin də adını Zeynəb Xanlarova qoyub. Gülüstan sarayında nəsə tədbirdə olublar. Zeynəb xanım bilib ki, Yaşarın qızı olub, təbrik edib, deyib ki, qoy adı Ülkər olsun.

- Rəhimə xanım elə addan söz düşmüşkən, Yaşar müəllim danışırdı ki, Ülviyyə anadan olanda qastrolda olub. Aktyor Aqşin Vəlixanlı soruşub ki, "Ay Yaşar, qızının adını nə qoydun?", o da cavab verir ki, "Ülvi Rəcəbi çox istəyirdim. Deyirdim, oğlum olar adını Ülvi qoyaram. Qızım oldu adını Ülviyyə qoydum".  Aqşin Vəlixanlı da, deyir ki, "Allah qoysa biri də olar adını Abbas Mirzəyə qoyarsan".

- (Gülür) hə, doğrudan da, belə olmuşdu. Yaşarın Ülvi adından xoşu gəlirdi. Həmişə deyirdi ki, oğlum olsa adını Ülvi qoyacam. Ülviyyə doğulanda qastrolda idi. Barmağındakı üzüyü satıb, qonaqlıq vermişdi.

- Mətbəxlə arası necəydi? Yemək bişirməyi bilirdi?

- Evə gələn kimi "Mənə yemək ver, acam", - deyirdi. Fərqi yoxdur, istər işdən gəlsin, istərsə də qonaqlıqdan, yaxud toydan. Bir də görürdün gecə evə ac gəlirdi. Məni oyadırdı ki, "dur mənə yemək ver". Gecənin bir aləmində durub yemək bişirirdim. Hazırlayıb, süfrəyə verənə qədər yatmağa gedirdi. Deyirdim gəl, Yaşar axı,  sənin üçün bişirmişəm. Deyirdi, bişirdin, indi də mən yemirəm. Belə xasiyyətləri çox idi. (Gülür) Bir də görürdün şifonerdən paltar axtarır. Gözünün qabağındadır, amma axtarır. Bütün paltarları tökürdü yerə, hamısına bir təpik vururdu ki, "Mən gedirəm, gələnə qədər bunları sahmana salarsan". Eh, belə xasiyyətləri çox idi.

Köynəyi geyinirdi. Hər tərəfinə elə diqqətlə baxırdı ki, bir ləkə tapsın. Elə ki, nöqtə boyda nəsə tapsa qırğın düşürdü, gedirdi teatra. 15 dəqiqədən sonra zəng edirdi ki, necəsiz? Gün ərzində bir neçə dəfə paltar dəyişirdi. Çox səliqəli şalvar ütüləməyi var idi. Bir də görürdüm, özü şalvarını ütüləyir. Həmişə yox, amma hərdən belə işləri var idi. Böyüməyən balaca uşaq kimiydi. Mən də onun hər nazı ilə oynayırdım.

- İndi teatra gedirsiz?

- Premyeralara hərdən gedirəm. Dəvət edirlər, unutmurlar, sağ olsunlar. Gedib tamaşa edirəm. Son dəfə mövsümün açılışında "Qarabağnamə" tamaşasını seyr etdim. Yaşarın adına görə getməliyəm.

- Elə tamaşa olub ki, deyəsiz burada Yaşarın yeri görünür?

- "Şah Qacar" tamaşasına baxanda belə hisslər keçirdim. Tamaşanı bəyəndim. Fuad Poladov Qacarı gözəl yaradıb. Orada bir rol var. Hündürdə dayanan aktyor, adı yadımdan çıxıb.

- Məmməd Səfanın oynadığı obrazı deyirsiz. Kərimxanzənd...

- Hə, o obrazı Yaşar da, əla oynayardı.

- Deyəsən, dirijor rolunu ifa etmək istəyirdi?

- Bu arzu onda maestro Niyaziyə olan sevgidən yaranmışdı. Hər dəfə Niyazinin əllərinə tamaşa edəndə heyran olurdu. Maestronun sənətini çox sevirdi.

- Başqa nəyi sevirdi?

- Hədiyyə alanda uşaq kimi sevinirdi. Xüsusən də hədiyyə konvertdə pul şəklində olanda. (gülür) Amma, ona bürüncdən düzəldilmiş dirijor heykəlciyi hədiyyə etmişdilər. Onu çox bəyənirdi. İndi də bağda saxlayıram, üstündən təsbehlərini asmışam. Yaşar, Siyavuş Aslanı çox istəyirdi. Ona görə də, yarızarafat, yarıgerçək onunla yarışırdı. Yəni Siyavuş şiş papaq qoyurdu Yaşar da elə edirdi. Siyavuş təzə saat taxan kimi Yaşar da eyni işi görürdü. Üzük taxmağı da, Siyavuş Aslan ona sevdirdi.

Maraqlı hadisələr çox olub. Ad günüm idi. Evə gəldi, əlində də, bir dəstə qərənfil. Mən gülləri görən kimi, kədər rəmzi olduğunu dedim. Dedi ki, "Bilirsən, evə gəlirdim, sənin də ad günündür, axı? Bilmədim nə alım. Qəbiristanlığın yanından keçəndə sürücüyə dedim ki, maşını saxla. Bu gülləri qəbiristanlıqdan alıb gətirdim".  Bu sözləri elə ciddi deyirdi ki, məni gülmək tuturdu, həm də dəhşətə gəlmişdim ki, ad günümdə mənə gör hardan gül alıb. Amma, Yaşarın heç vecinə deyildi. Deyirdi ki, "burda nə var ki, güldür də? Mən sözsüz ki, bu gülləri evdə saxlamadım. Həmin dəqiqə atdım. Ürəyimə pis gəldi. Sonradan o qədər güldük ki..." Yaşarın belə zarafatları var idi. Təbii ki, sonra mənə yaxşı hədiyyə alıb, gətirdi. Amma onun zarafatı hələ də yadımdan çıxmır...

***

Söhbətimizə yekun vururuq. Əslində saatlarla, həm də yorulmadan Yaşar Nuri haqda danışmaq olardı. Rəhimə xanımı çox incitmək istəmirik, sağollaşıb, redaksiyaya qayıdırıq.

O məşhur mahnıda necə deyilirdi? "Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verəydim" - bax, Rəhimə xanımın gözlərindən bu oxunurdu...

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi