Yuxarı
    Bağlamaq

    "Xeyirlə Şərin rəqsi" filminin çəkilişləri dayandırıldı

    Səbəb nədir? Rejissor aydınlıq gətirdi

    Bakı. 29 noyabr. REPORT.AZ/ Əməkdar incəsənət xadimi, rejissor Yavər Rzayev dünya şöhrətli yazıçı Çingiz Abdullayevin "Quba kapriççiosu" romanının motivləri əsasında "Xeyirlə Şərin rəqsi" adlı filmin çəkilişlərinə start verib. Filmin çəkilişlərinin başlanması barəsində verilən xəbərlərdən sonra, Kinostudiyadan maraqlı məlumatlar aldıq. Belə ki, "Azərbaycanfilm" Kinostudiyasından aldığımız xəbərə görə, filmin çəkilişləri müvəqqəti olaraq dayandırılıb. Səbəb kimi, baş rola təsdiq edilən müğənni İlqar Muradovun obrazın öhdəsindən gələ bilməməsi göstərilirdi.

    Bu məsələyə aydınlıq gətirmək üçün filmin rejissoru Yavər Rzayevlə əlaqə saxladıq. Yavər Rzayev "Report"a açıqlamasında bildirdi ki, filmin müvəqqəti dayandırılması xəbəri doğrudur, amma səbəbinin baş rolun ifaçısına dəxli yoxdur. " Bu filmin natura çəkilişləri Qubada olmalıdır. Hazırda Qubada havalar çox soyuq keçir. Qarın yağması mənim planlarımı pozdu. Bu filmdə maşınla müxtəlif tryuk səhnələri etmək lazımdır. Maşın qayadan dərəyə yuvarlanmalıdır. Yollar qarlı, buzlu olduğuna görə, mən nə aktyorları, nə də kaskadyorları təhlükəyə ata bilmərəm. Əsas çəkilişlər Quba-Xınalıq yolunda aparılmalıdır. İndi oralarda vəziyyət ürək açan deyil. Yollar bərbad gündədir. Ona görə filmin çəkilişlərini müvəqqəti olaraq dayandırdım. Fevralın sonu, martın əvvəllərində çəkilişlərə yenidən start verməyi düşünürəm. Əvvəlcə pavilyon çəkilişləri olacaq. Havalar düzələn kimi filmin natura çəkilişləri başlayacaq". 

    Filmdə baş rol - Dronqo obrazını ifa edəcək İlqar Muradovla bağlı fikirlərə gəlincə, rejissor Yavər Rzayev bildirdi ki, "İlqar Muradovla sınaq çəkilişləri etmişəm. Çox uğurlu alınıb. Sadəcə, İlqar Muradov aktyor olmadığı üçün onunla çoxlu çalışmaq lazımdır. Bir də İlqar Muradova idmanla məşğul olmağı tapşırmışam. Çünki filmdə baş rolun ifaçısının idmançı kimi cəld, çevik hərəkətləri olmalıdır. Mən rejissor olaraq inanıram ki, İlqar Muradov müğənni olsa da, Dronqo obrazının öhdəsindən gələ biləcək".  

    Rejissor müğənninin Dronqo obrazına çəkilməsinin etiraza səbəb olmasını təbii qarşılayıb və əlavə edib ki, Fransanın ən məşhur aktyorları bir zamanlar müğənni, şanson olublar. "İlqar Muradov da, şansondur. Həmin janrda oxuyur. Niyə, xaricdə müğənnilər filmə çəkilə bilər, bizdə isə çəkilməsin?"

    Rejissor Yavər Rzayev İlqar Muradovu bu rola təsdiqləməsində Jan Renonun təsirinin də böyük olduğunu deyir. Belə ki, rejissor Dronqo obrazına məşhur fransız aktyoru Jan Renonu çəkməyi düşünürdü. Maddi problemlərə görə, rejissorun arzusu baş tutmadı. Yavər Rzayev İlqar Muradovun zahirən Jan Renoya oxşadığını və ona da belə simanın lazım olduğunu bir daha vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi