Yuxarı

Xalq artisti Əliabbas Qədirovun 70 illik yubileyi keçirilib

Yubiley mərasimi aktyorun doğma Akademik Milli Dram Teatrında baş tutub

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Akademik Milli Dram Teatrında Azərbaycanın xalq artisti Əliabbas Qədirovun 70 illik yubileyi qeyd olunub.

"Report" xəbər verir ki, teatrın foyesində Əliabbas Qədirovun ömür və sənət yolunu əks etdirən foto-stend nümayiş etdirilib. 

Yubiley tədbirində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, nazirliyin nümayəndələri, aktyorun ailə üzvləri, dostları, yaxınları iştirak edib.

Mərasimi Akademik Milli Dram Teatrının direktoru, xalq artisti Azərpaşa Nemət açaraq Əliabbas Qədirovla birlikdə keçirdikləri gənclik və tələbəlik illərindən danışıb.

Tədbirin aparıcıları xalq artistləri Laləzar Mustafayeva, Məleykə Əsədova, əməkdar artistlər Sabir Məmmədov, Elşən Cəbrayılov tədbir boyu Əliabbas Qədirovun yaradıcılığına nəzər salıblar.

Mərasim Əliabbas Qədirovun çəkildiyi tamaşalar və filmlərdən fraqmentlərlər davam edib və tanınmış müğənnilər mahnılarını səsləndirib.

Xatırladaq ki, Əliabbas Gülabbas oğlu Qədirov 1946-cı il fevralın 13-də Bakıda anadan olub. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. Elə aktyor olmağı da burada qətiləşdirib.

O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın” Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edib. Ancaq tamaşanın premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. Elə bu səhnədə ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub. Aktyor 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru vəzifəsində çalışıb.

2006-cı il martın 8-də 60 yaşında leykemiya xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, bu il aktyorun anadan olmasının 70, dünyadan köçməsinin 10 ili tamam olur.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi