Xalq artisti Cavan Zeynallı: "Uşaqlıqdan heç kimdən heç nə istəyə bilmirəm" - MÜSAHİBƏ

Xalq artisti Cavan Zeynallı: "Uşaqlıqdan heç kimdən heç nə istəyə bilmirəm" - MÜSAHİBƏ Azərbaycanın Xalq artisti, cazmen, Cavanşir (Cavan) Zeynallının Reporta müsahibəsi:
İncəsənət
27 May , 2019 16:31
Xalq artisti Cavan Zeynallı: Uşaqlıqdan heç kimdən heç nə istəyə bilmirəm - MÜSAHİBƏ
Xalq artisti, cazmen, Cavanşir (Cavan) Zeynallı / Report

Azərbaycanın Xalq artisti, cazmen, Cavanşir (Cavan) Zeynallının "Report"a müsahibəsi:

Arayış: Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlib. Anası Şəfiqə xanım Məcidova opera müğənnisi idi, dahi Üzeyir Hacıbəylinin kollektivində işləmişdi. Əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A.Zeynallı adına musiqi texnikumunu bitirib. Həmin il Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunub. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləyib. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında solist-vokalçı kimi fəaliyyət göstərib. 1979-2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olub. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olub. Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar kütləsi qazanıb. Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarında iştirak edib. Bakı Caz Mərkəzində üç solo konsert ilə çıxış edib. Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Xalq artisti fəxri adı ilə təltif olunub.

- Cavan müəllim, Sizi bir daha təbrik edirik!

- Çox sağ olun, mənə xoş xəbəri ilk verən də siz oldunuz. İnanmadım, elə bildim zarafatdır. Çünki neçə ildir gözləyirdim, sonra gördüm ki, işlər gedir, ancaq ad məsələsindən səs çıxmır. Yoldaşım Röya xanım isə hər gün deyirdi ki, narahat olma. Mən hörmətli İlham Əliyevə təşəkkürümü bildirirəm ki, sənətçilərə çox böyük diqqət ayırır.

- Sizi televizayada munsif kimi, ümumiyyətlə, efirlərdə görmək istəyənlər var. Televiziyalarda niyə az görünürsünüz?

- Bunu mənə çox adam deyir. Ancaq kanallarda oluram, sadəcə, onu tutmaq çox çətindir. Səhərdən axşama qədər pult əlində oturan insanlar, bəlkə, tuta bilərlər (gülür). Efirlərə seçib gedirəm. Həmişə verilişdə kimin olacağını soruşuram. Mənim janrım cazdır, estradadır. Buna görə də seçirəm. 

- Bunlar indi ən çox ehtiyac duyulan janrlardır, çünki bütün mahnılar bir-birinə bənzəməyə başlayıb...

- Düzdür, cavanlar sanki ayrı mahnılar bilmirlər. Bizim vaxtımızda qastrollar çox idi. “Qaya” ansamblında, Rəşid Behbudov adına Mahnı Teatrında işləyirdim. Konsert var idi, səhnə var idi, professional bəstəkar mahnıları oxuyurduq. O ki səhnə bağlandı, indi ayda bir dəfə xaricdən gəlib konsert verirlər. Cavanlar da oxumaq istəyirlər və görürlər ki, oxumağa bir yer var, o da toydur.

- Axı toyda professional mahnılar olmur...

- Bəli, toyda ayrı mahnılar olur. Yalandan deyirlər el şənliklərində çox pul var. Ancaq çox pul vermirlər, çünki oxuyanlar çoxdur. Sadəcə, peşman olduqlarını bildirməmək üçün yalan deyirlər. Elə insanlar var musiqini başa düşmürlər və hərdən pulu elə adamlara verirlər ki, heç onların səviyyəsi o pula dəymir.

Əsas sənət lazımdır. Sənətkar da təkcə biz qalmışıq. O vaxtlar hər evdə bir pianino var idi. Pianino adamın ürəyini açır. Sən çalırsan və bütün qonşular yığışırdı, rəqs edirdilər, oxuyurdular. İndi isə  yeni əsr, yeni həyat deyirlər. Yeni həyat nədən ibarətdir? İndi adamlar heç bilmirlər necə yaşamaq lazımdır.

- Ailədə vəziyyətiniz necədir? Metronun "Xətai" stansiyasının yaxınlığında Sizə tez-tez rast gəlirik. 

- Hər şey yaxşıdır. Prezident mənə həmin ərazidə üçotaqlı mənzil bağışlayıb. Səhərlər parkda gəzirəm. Arif Paşayev Aviasiya Akademiyasında royal alıb mənim üçün. Deyir ki, bu royalda gərək ancaq Cavan Zeynalı ifa etsin. Hərdən oraya gedirəm, tələbələr üçün müşayiət edirəm. Onlar məni çox sevirlər. Bayramlar olanda hərdən təntənəli konsertlər veririk. Tələbələr elə gözəl oxuyurlar ki, elə bilirsən professionaldırlar.

- Üzərində işlədiyiniz layihə varmı?

- O qədər yeni mahnılar var ki, bilmirəm hansı proqramda hansını oxuyum. Mən yalnız Azərbaycan dilində oxumuram, rus, ingilis, fransız, italyan dillərində də oxuyuram. Dünya mahnılarını sevirəm. Dünya mahnıları oxuyanda sən hiss edirəsən ki, açılırsan, professionalsan. 70-ci illərdə Bakıda caz çox populyar idi. Vaqif Mustafazadə məni sevirdi. Çünki o hiss edirdi ki, mən cazmenəm. Çünki əsl cazmenlər az olur. 

- Prezidentin incəsənət xadimləri ilə keçirdiyi görüşdə olsaydınız, nə xahiş edərdiniz?

- Mən elə adamam ki, heç nə istəyə bilmirəm. Uşaqlıqdan belə olmuşam. Çox özümü pis hiss edirdim ki, istəyərəm verməzlər. Hesab edirəm ki, bu heç yaxşı xarakter deyil, hərdən adam gərək nəsə istəsin. 

- Bu xarakterinizə görə peşman olmusunuz?

- Əlbəttə, həyatdır olur. Amma mən onu çıxarıram. Görürəm bir şey xoşuma gəlmir, mən onu 5 dəqiqənin içində dəyişirəm və həmin məsələyə bir də qayıtmıram.

Son xəbərlər

Orphus sistemi