Yuxarı

Xalq artisti Bəsti Cəfərova: ""Çayxana cəngavərləri" boş-boş danışmaqdansa, gedib sənətlə məşğul olsunlar"

Üzümü həmin narazılar dəstəsinə tutub demək istəyirəm ki, əgər sizin İsrafil İsrafilovdan hər hansı bir narazılığınız varsa, gedib özünə deyin

"Bu mənim həyatımdır və öz həyatıma, yaşadıqlarıma görə heç kimə hesabat verməyə məcbur deyiləm"

"Teatrın bir qrup "çayxana cəngavərləri" hər gün saat 9.00-dan 19.00-dək çayxanaya toplaşır və teatrın "böyük-böyük problemləri" bu "cəngavərlər"in çiyinlərinə "çökür"

Bakı. 13 iyul. REPORT.AZ/ Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərovanın "Report"a müsahibəsi.

- Akademik Milli Dram Teatrı son zamanlar mətbuatın gündəmindən düşmür. Yazılarda teatrın bir neçə aktyor-aktrisası ilə yanaşı, sizin də adınız hallandırılır. Adınızın bu qalmaqallarda hallanmasının səbəbi nədir? Ümumiyyətlə, Milli Dram Teatrında nə baş verir? 

- Sizə müsahibə verməyim təsadüfi deyil. Son vaxtlar mənə qarşı təzyiqlər, hücumlar artıb. Mənə paxıllıq edən, bəyənməyən qadın həmkarlarımı başa düşmək olar. Hamı mənim kimi böyük və maraqlı rollar oynamır. Bunu anlaya bilirəm. Lakin kişi aktyorların qadınlara paxıllıq etməsini anlamıram. Bu, ancaq Akademik Milli Dram Teatrında ola bilər. Son vaxtlar kişi həmkarlarım tamaşalarda geyindiyim paltarlara qədər hər şeyin hesabatını aparırlar. Bunlara birtəhər göz yummaq olardı, amma mənim səbir kasamı daşıran sonuncu yazı oldu. Bu Börüsoy kimdir bilmirəm, ancaq sənətşünas olduğunu deyirlər. Maraqlıdır, görəsən o, hansı sənətin şünasıdır ki, mən onu tanımıram?! Əgər bu adam teatrşünasdırsa, o zaman niyə mən onu tanımıram?! Halbuki 37 ildir sənətdəyəm. Bir dəfə Börüsoy adlanan sənətşünasın bir yazısına və məqaləsinə rast gəlməmişəm. İndi bu adam birdən meydana çıxır və guya teatrımızın "qeydi"nə qalır. Sanki başqa problemi yoxdur ki, teatrımızın "dərdi"ni çəkmək ona qalıb. Sonuncu məqaləsində mənimlə Ramiz Novruzun adını 3 dəfə çəkib və hər ikimizi "istedadsız" adalandırıb. Həm Ramiz Novruz, həm də mən bizim yaşda olanlar arasında xalq artisti fəxri adı alan ilk aktyorlarıq. Bizi bu fəxri adlara dövlət başçısı layiq görüb. 38 yaşımda xalq artisti adı almışam. Əcəba, biz istedadsız sayılırıqsa, bəs onda istedadlı kimdir? Belə olan halda, niyə dava edirsiniz ki, maaşlar artsın, 2000 avro olsun? Axı, istedadı olmayan aktyorlara dövlət niyə yüksək maaş versin ki?

Rusiyanın televiziya kanallarına baxanda həsəd aparıram. Aktyorlar sənət yoldaşları haqqında necə gözəl sözlər danışırlar. Amma bizdə hamı bir-birinin ayağından çəkir.

Börüsoy məqalədə yazır ki, "Biz istənilən səviyyədə Əli Əmirli ilə "Şah Qacar" haqqında debata hazırıq", ("təhlili diqqətlə oxumağınızı rica edirik"). Məqalənin sonunda isə tək Börüsoyun imzası var. Əgər Börüsoy bu məqaləni tək yazıbsa, onda niyə "biz" deyir. Yox əgər Börüsoy bu yazını doğrudan da tək yazıbsa, teatrın daxilində baş verən hadisələrdən necə xəbərdar olub? Börüsoy bizimlə qastrola getməyib, teatrın daxilində olmayıb. Belə olan halda bu yalan-yanlış xəbərləri hardan öyrənib? Börüsoya demək lazımdır ki, "Sənə yanlış informasiya veriblər, Börüsoy "qardaş"".

İstedadlı tələbələrimlə, gənclərlə xalq nağılları əsasında uşaq tamaşası hazırlamışam və bu tamaşanı teatrşünaslar, teatr tənqidçiləri üçün səhnəyə qoymamışam. Mən tamaşanı tamaşaçılar və uşaqlar üçün hazırlamışam. Rejissor kimi quruluş verdiyim tamaşa isə çox bəyənilib. Maraqlıdır, görəsən, tamaşa hazırlamağım Börüsoy müəllimə niyə belə təsir edib?

- Sizcə, Akademik Milli Dram Teatrında baş verənlər haqda məlumatları kənara kimlər  ötürür? 

- Bu söhbətlərin, məqalələrin "ssenarisi" bizim teatrın yaxınlığında olan çayxanada yazılır. Teatrın bir qrup "çayxana cəngavərləri" hər gün saat 9.00-dan 19.00-dək çayxanaya toplaşır və teatrın "böyük-böyük problemləri" bu "cəngavərlər"in çiyinlərinə "çökür".

Bu "cəngavərlər"dən biri siyasi nöqteyi-nəzərdən teatrdan çıxıb, sonra aləmi dolaşıb yenidən Akademik Milli Dram Teatrını cənnət bilib bura qayıdıb. Digəri yeni "teatr" axtarmaq üçün teatrdan gedib və yenidən gəzib-gəzib bura qayıdıb. "Dəstə"nin digər üzvü isə bu günədək Rusiya-Bakı arasında qalıb. Gah gedir, gah da bir neçə ildən sonra yenidən gəlir. Ortaya bir əməl qoya, heç bir sənət nümayiş etdirə bilmir.

Onlar hansı böyük sənətdən danışırlar? Mən 37 ildir bu teatrdayam. 19 yaşımda "Quşu uçan budaqlar" tamaşası ilə ilk dəfə Milli Dram Teatrının səhnəsinə qədəm basmışam. 1980-ci ildən bu teatrın truppasında çalışıram. İlk maaşım 100 manat olub. Heç vaxt pul davası etməmişəm. Bir dəfə də olsun deməmişəm ki, həyatım çətin keçir, dolana bilmirəm. Teatrın ağır vaxtlarında da səhnədə olmuşam, rollar oynamışam, qastrollara getmişəm. Deyən lazımdır ki, bəs siz o zamanlar harda idiniz? İndi sizlər nədən danışırsız? Sizin, yoxsa mənim danışmağa haqqım var?

Bu "dəstə"nin üzvlərindən bəziləri mənim dostum, yaxınım, daimi ünsiyyətdə olduğum iş yoldaşım olub. Onlardan biri mənə hər zaman dost deyib, haqqımda hər dəfə gözəl sözlər danışıb. Bəs, indi nə oldu? Mən həmin Bəsti Cəfərovayam da. Sadəcə, hər bir məsələyə dair mənim öz fikrim var.

Bunun kökü bilirsiniz hardan başladı? Fevralın 3-də mənim hazırladığım "Nağıllar aləmində" tamaşasının əmri verilən gün. "Çayxana cəngavərləri" gördülər ki, ifaçılar ancaq gənclərdir, teatrda işlər gedir və gənclərə geniş meydan verilir. O saat mətbuata mənimlə bağlı yanlış informasiya ötürdülər. Yazılanlar yanvar ayının 17-də "Nazirin xanımı" tamaşasında yaşanan konfliktin təhrif olunmuş forması idi. Özü də bu yanlış məlumatı tamaşada oynayan heç bir aktyor verməmişdi. 

Hamının həqiqəti bilməsini istəyirəm. Ona görə də hadisəni olduğu kimi danışacam. Həmin səhnədə monoloqumu deyirdim. Cavanlar kənarda dayanıb zarafat edirdilər. Bu məqam məni narahat etdi. Axı, mən səhnədə sözlərimi deməliyəm! Zalda da Serbiyanın konsulu əyləşmişdi. Səhnədə sözümü deyə-deyə bunlara yaxınlaşdım və astaca təpindim ki, imkan verin sözümü deyim. Amma xeyri olmadı. Həmin səhnəni başa vurdum və səhnə arxasına keçən kimi tamaşanın rejissoru, xalq artisti Mərahim Fərzəlibəyova dedim ki, növbəti tamaşada o qız mənim yanımda olmayacaq. Bunu deməyə mənim haqqım, ixtiyarım çatır, hətta təcrübəm də buna imkan verir. Çünki teatrın Bədii Şurasının üzvüyəm. Qıza töhmət verildi. Doğrusu da bu idi. Çünki tamaşanın qalan səhnələrinə də çıxmamışdı. Bu hadisə mətbuata başqa cür sızdırıldı. Guya mən həmin aktrisaya ayaqqabı atmışam. Amma belə şey heç vaxt olmayıb.

Bu hadisə yanvarın 17-də yaşanmışdısa, niyə "həqiqət" keşiyində dayanan "çayxana cəngavərləri" bu konfliktə dərhal yox, təxminən bir ay sonra, yəni fevralın 10-da reaksiya verdilər? Tamaşa hazırlamağım onlara niyə belə pis təsir etdi?

Özlərinə yaxın olan jurnalistlər vasitəsilə xəbər sızdırdılar ki, guya mən gəncləri sıxışdırıram. Səhnədə onlara danışmaq imkanı vermirəm. Əgər mən gəncləri sıxışdırıramsa, onda niyə gənclərlə tamaşa hazırlayıram? Niyə gəncləri teatra cəlb edirəm? Biz əbədi deyilik. Bizdən sonra bu teatrın səhnəsində kimsə olmalıdır. Bilirsiniz, yığışıb boş-boş danışanlardan fərqli olaraq, mən sənətimi çox sevirəm və bu sənətlə yaşayıram. Mən sənətimlə məşğul olanda - tamaşalar oynayanda, alqışlar qazananda xoşbəxt oluram. Bu mənim həyatımdır. Allah məni bu missiya ilə dünyaya göndərib. Əgər Börüsoy müəllimin mənim yaradıcılığımdan xəbəri yoxdursa, heç olmasa interneti açıb, yaradıcılığımla tanış olsun. Görsün ki, 37 ildə hansı obrazları yaratmışam və nə işlər görmüşəm.

Mənim haqqımda yazıb ki, rejissorluq edir, tamaşa hazırlayır. Xalq nağılları əsasında uşaq tamaşası hazırlamaqla 10 nəfər istedadlı gənci teatra qazandırmışam. Pislik etmişəm? Bir gün gələcək bu gənclərin hər biri tanınmış aktyor, aktrisa olacaq. Axı bizi də səhnəyə, teatra gətirən olub. Mən bu gün də Tofiq Kazımovu, Lütfi Məmmədbəyovu rəhmətlə xatırlayıram və çox şadam ki, mənim tamaşamda oynayan tələbə-aktyorlardan artıq bir neçəsi teatrın müxtəlif tamaşalarında rol alıblar. Demək, məqsədimə nail olmuşam.

-  Sizin tamaşa hazırlamağınıza niyə belə reaksiya verirlər? 

- 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamışam. 2010-cu ildə Prezident yanında Ali Attestasiya Komissiyası mənə dosent elmi adını verib. 2013-cü ildən professoram. 2014-2015-ci ildə iki elmi kitabım işıq üzü görüb. İncəsənət Universitetində tələbələrimlə neçə-neçə tamaşalar hazırlamışam. Mən işlər görəndə onlar yığışıb çayxanada dedi-qodu yaymaqla məşğul olurdular. İndi siz deyin, görəsən, mən nə qəbahət iş görmüşəm?

Azərbaycan teatrının tarixində aktyorun səhnəyə tamaşa qoymaq təcrübəsi olub. Mən keçmiş vaxtları demirəm. Elə götürək bizim dövrümüzü. Rəhmətlik Həsənağa Turabov Anarın "Adamın adamı" tamaşasını hazırlamışdı. Məlik Dadadov S.Rəhmanın "Nişanlı qız" tamaşasını yüksək səviyyədə səhnəyə qoymuşdu və onun tamaşasında xalq artistləri rol almışdı. Sonra Mikayıl Mirzə 2000-ci ildə C.Cabbarlının "Aydın" tamaşasını hazırladı. Niyə onun tamaşasında bəh-bəhlə rol oynayan aktyorlar indi Bəsti Cəfərovanın tamaşa hazırlamasına birtəhər baxırlar? Mikayıl Mirzə o tamaşanı hazırlayanda elə mənimlə eyni yaşda olardı. Niyə belə hesab edirlər ki, mənim buna ixtiyarım çatmır?

- Sizinlə yanaşı, xalq artisti Ramiz Novruz haqda da yazırlar, onu "istedadsız" adlandırırlar... 

- Bunların "istedadsız" adlandırdıqları Ramiz Novruz bizim teatr aləmində yeganə aktyor-dramaturqdur. Teatrımızda "Hələ sevirəm deməmişdilər" kimi əsəri müvəffəqiyyətlə oynanılıb. Bu gün ona "istedadsız" damğası vuran xalq artisti bir zamanlar Ramiz Novruzun tamaşasında çıxış edirdi. İndi nə baş verdi, necə oldu ki, Ramiz Novruz birdən-birə istedadsız oldu?

"Silindr" tamaşasını bəyənmirlər. Halbuki çox gözəl tamaşadır. Oturub yazırlar ki, bu tamaşalara guya 50-70 min pul xərclənib. Gülməlidir vallah. Həm Ramiz Novruzun quruluş verdiyi "Silindr", həm də mənim quruluş verdiyim "Nağıllar aləmində" tamaşasına cüzi miqdarda maddi vəsait sərf olunub. Tamaşanı hazırlayanda ağız büzdülər ki, "uşaq tamaşasıdır, Novruz bayramına hazırlanır. Bir-iki dəfə göstəriləcək, vəssəlam". Sonra gördülər ki, yox, bayramdan keçdi. Onda da dedilər ki, yəqin podbor olacaq (teatr aləmində "podbor" müxtəlif tamaşaların artıq istifadə edilmiş geyimlərinin, yenidən istifadə edilməsinə deyilir - "Report"). Mən dedim ki, yox "podbor" olmayacaq. Mənim tamaşama yeni paltarlar tikiləcək. Sağ olsun rəhbərlik, belə də oldu. İndi nə oldu? "Nağıllar aləmində" adlı uşaq tamaşası niyə belə reaksiya doğurdu?

İndi bu Börüsoyun "çete"si elə bilir ki, bunlar mənim gözümü qorxutdular, mən də qorxdum. Yanılırlar. Mən bir işdən yapışdımsa, onu sonadək aparıram. Bütün işlərimdə dəqiqəm. Hələ bir dəfə mənim auditoriyaya tələbədən sonra daxil olduğum olmayıb.

Tamaşalarda mənim geyindiyim paltarları sayırlar. Mən məgər kimin üçün geyinirəm? Podiuma çıxmıram ki? Mənim oynadığım rollar böyük rollardır. Paltar dəyişməyə ona görə üstünlük verirəm ki, tamaşaçının gözü yorulmasın. O gün gürcülər "Xanuma" tamaşasına baxmağa gəlmişdilər. Mənim ifa tərzim, kostyumlarım onların o qədər xoşuna gəlmişdi ki, tamaşadan sonra yaxınlaşıb təşəkkür etdilər. Gürcü dramaturqu A.Saqarelinin "Xanuma" tamaşası Azərbaycan aktyorlarının ifasında I Avropa Oyunlarına gələn gürcü nümayəndə heyətini valeh etdi.

- B.Brextin "Kuraj ana və uşaqları" tamaşasını da tənqid edirlər...

- B.Brextin "Kuraj ana və uşaqları" tamaşasını xalq artisti Rafiq Əliyev hazırlamışdı. Əsərin tərcüməsini Yaşar, səhnə redaksiyasını isə Ramiz Fətəliyev edib. Belə gözəl heyətlə hazırlanan tamaşa heç vaxt zəif ola bilməz. Tamaşa haqqında deyirlər ki, zəifdir və bağlandı. Heç də belə deyildi. 80-ci illərdə də B.Brextin "Üç quruşluq opera" tamaşasını alman rejissorlar hazırlamışdı. O tamaşa da repertuardan tez çıxarıldı. Bizim tamaşa teatrın repertuarında heç olmasa sezon yarım qaldı.

Börüsoyun tərtib etdiyi "zəif tamaşaların siyahısı"nda nədənsə ancaq bizim ifa etdiyimiz tamaşalar var. Niyə həmin sıyahıda "Kreppin lent yazısı" yoxdur? Axı, o tamaşa da cəmi 1-2 dəfə oynanılıb.

"Əmir Teymur" tamaşasında birinci hissənin aktyorları ilə ikinci hissədə çıxış edən aktyorlar arasında gizli "müharibə" gedir. Bunları niyə demirlər? Bir sözlə, bunlar hansı tamaşada yoxdur, həmin tamaşa zəifdir, uğursuzdur. Hansı tamaşada o "dəstə"dən kimsə varsa, o tamaşa çox uğurlu, baxımlı tamaşadır.

"Nağıllar aləmində" tamaşasının məşqləri gedəndə o "çete"yə daxil olanlardan biri səhnə arxasından keçirmiş və uşaqlara baxaraq deyib ki, "Toyxana qurtardı?" Əgər bu tamaşaya toyxana deyirlərsə, onda gəlib "Oliqarx" tamaşasına da baxsınlar. Mənim tamaşam uşaqlar üçün hazırlanıb və çox səviyyəli musiqilər səslənir. O tamaşada "Can-cana" oynamırlar. Hələ stolun üstünə çıxıb, heç oynamırlar.

Davaları odur ki, teatra baş rejissor təyin edilsin. Yaxşı, baş rejissor təyin edildi, siz hansı istedadınızı nümayiş etdirəcəksiniz? O "dəstə"nin içərisində bir neçəsini çıxmaqla, qalanlarının istedadı yoxdur. Hansı haqla sənətdən danışırsınız?

- Bəsti xanım, sizlər bir zamanlar tələbə yoldaşı, sonralar isə iş yoldaşı olmusunuz, bir teatrda işləyirsiniz. Üz-üzə oturub bu məsələləri müzakirə, həll etmək olmaz?

- Düz deyirsiz, bir zamanlar dost olmuşuq, amma indi yox, bir zamanlar. Onlar bütün dostluğu, qardaşlığı sildilər. Bir məsələni deyim: Bizim bir aktyorumuz var - Mətləb Abdullayev. "Kuraj ana və uşaqları"nda mənim oğlumu oynayıb. "Afət" tamaşasında və digər səhnə əsərlərində də tərəf-müqabili olmuşuq. O gün məni teatrda gördü, həmin "dəstə"nin bir üzvünün yanında əyləşdiyinə görə salam vermədi. Ondan sonra mənim yanıma gəlib salam verdi. Mən də onun salamını almadım. Deməli, sən onların yanında qorxub mənə salam vermirsən? Amma onlar olmayanda gəlib salam verirsən? Sənin salamın mənim nəyimə lazımdır ki? Görəsən, Ramiz Novruzla mən nə qəbahət iş görmüşük ki, "çete"nin üzvləri bizi salamlarına belə layiq görmürlər.

Mən səhnədə tərəf-müqabilimə qarşı çox diqqətliyəm. Tərəf-müqabilimi sevirəm, hörmət edirəm. Mən belə aktrisayam. Bəli, baş rollar oynamağı sevirəm, səhnədə gözəl geyinməyi, ümumiyyətlə, gözəl görünməyi sevirəm. Mən beləyəm. Mən Xan qızı Natəvanı, Fedranı, Ağabəyim ağanı oynayıram. Neyləyim? Əynimə cır-cındır geyinib səhnəyə çıxım? Elə tamaşa var ki, orada çox sadə geyinmişəm, heç makiyaj belə etməmişəm. Məsələn, "Kaş araba aşmayaydı" və ya "Kuraj ana və uşaqları" tamaşasında sadə geyimlərim var. Hər rolun özünə uyğun geyim tərzi var. Görəsən, bununla kimə nə pislik etmişəm? Özlərini bir tərəfə qoyub, niyə daima məni nəzarətdə saxlayırlar?

Mən televiziyadan, mətbuatdan uzaq adamam. Özünüz də görürsüz. Hər verilişə getmirəm, mətbuata çox az müsahibə verirəm.

- Niyə belə edirsiniz?  

- Hər dəvəti də qəbul etmirəm. Amma bu özümü dartmaq anlamına gəlməməlidir. Sadəcə, müsahibə verəndə olanları danışıram. Mən özü üçün yalançı bioqrafiya uyduran adamlardan da deyiləm. Həqiqətləri danışıram. Evə gedəndən sonra isə əziyyət çəkirəm. Həyatımdakı ağır günlər, acı hadisələr yadıma düşür və bir həftə özümə gələ bilmirəm. Ona görə də keçmiş haqqında düşünməyi, ötən günlərdən danışmağı sevmirəm. Bu səbəbdən də jurnalistlərdən bir az uzağam. Sənətimlə məşğul oluram.

- Amma sizi tənqid edənlər tez-tez müsahibə verirlər. Niyə mətbuatda onlara cavab vermirsiniz, özünüzü müdafiə etmirsiniz? 

- O "dəstə"nin üzvlərindən biri bu yaxınlarda bir müsahibə verib və deyib ki, bizim aktrisalarımızdan biri tamaşadan sonra "poklon"a (təzimə) çıxanda, guya zalı boş görüb. Yəni guya zalda tamaşaçı olmayıb. Həmin aktrisa da guya mən olmuşam. Çox gülməlidir və bu, tamamilə ağ yalandır. Mənim haqqımda miflər uydururlar. Mən nə keçmişimdən, nə də indiki həyatımdan utanıram. Yaxşımı da, pisimi də özüm bilirəm və etiraf etməyi bacarıram. Əgər nəsə etmişəmsə, yaxşı eləmişəm. Bu mənim həyatımdır və öz həyatıma, yaşadıqlarıma görə heç kimə hesabat verməyə məcbur deyiləm.

Mən bundan sonra da rejissor kimi tamaşalar hazırlayacağam. Mənim quruluş verdiyim bu tamaşaya baxan teatrımızın aktyor və aktrisaları çox istəyirlər ki, yeni tamaşa hazırlayım və onlar da həmin tamaşada rol alsınlar.

- Xeyli məsələyə toxunsanız da, "dəstə üzvləri" adlandırdığınız şəxslərin adlarını çəkmədiz. Heç olmasa, sizinlə həmfikir olanların adlarıını açıqlaya bilərsiniz?

- Əlbəttə çəkərəm, amma "çayxana cəngavərləri"nin adlarını çəkib onları şərəfləndirmək istəmirəm. Onlar buna dəyməzlər və onları tanıyan tanıyır. Onsuz da bu müsahibəni oxuyanda hər kəs özünü tanyacaq. Amma mənimlə həmfikir olanların adlarını deyərəm. Məsələn, növbəti tamaşaya quruluş verəcəyim təqdirdə Münəvvər Əliyeva, Elşən Cəbrayılov, Aslan Şirin, Şəlalə Şahvələdqızı, Şəhla Əliqızı və digərləri mənimlə çalışmaq istədiklərini bildiriblər.

Mən 37 ilin aktrisasıyam. Amma yenə də rol alanda balaca uşaq kimi sevinirəm, həyəcanlanıram. Əgər məni öz sənətim bu qədər sevindirirsə, müvəffəqiyyət qazandırırsa, niyə bu, ox olub kiminsə gözünə batır?

Fikrimcə, İsrafil İsrafilov Əli İsmayılovdan (teatrın keçmiş direktoru) sonra direktor kimi çox uğurlu seçilib. Çünki o, həm teatrı, həm də idarəçiliyi çox gözəl bilir.

Mən üzümü həmin "narazılar" dəstəsinə tutub demək istəyirəm ki, əgər sizin İsrafil İsrafilova qarşı hər hansı bir narazılığınız varsa, gedib üzünə deyin. Belə altdan-altdan iş görmək nəyə lazımdır?

Siz görsəniz ki, onlar bu teatrda bəzi tamaşaların bağlanmasına necə sevinirlər? Axı nə olub, nəyə sevinirsiz? Aktyor yoldaşlarınızın əməyinin heç olmasına sevinirsiniz? Ayıbdır, vallah.

- Bəsti xanım, sizin haqqınızda deyirlər ki, tamaşalarda böyük monoloqlar deməyi sevir, tamaşaçını yorur, çoxlu paltar dəyişir, teatrda heç kimlə, xüsusilə də qadın aktrisalarla yola getmir, çoxu ilə küsülüdür. Bunlara münasibətiniz necədir?

- Mən tamaşaçıları təəccübləndirməyi sevirəm. Mən tamaşaçıları heç vaxt yormamışam. Düzdür, böyük monoloqlar deməyi sevirəm. Deyirlər ki, teatrda o adamlarla danışmıram ki, guya onlar mənim gördüyüm işləri bəyənmirlər. Onlar, sadəcə, məni həzm edə bilmirlər. İki dəfə - 1989 və 1998-ci ildə fəxri ad almışam. Hər ikisində də teatrda kiminləsə vuruşmuşam. Çünki paxıllıq ediblər. Niyə sənə ad verdilər, bizə yox? Mən kiminsə adını əlindən almamışam ki?

Mənim bu teatrda ən çox sevdiyim aktrisa Şükufə Yusupovadır. Düz 37 ildir ki, bir qrim otağını bölüşürük. Hər ikimiz əkizlər bürcündənik. Mənim onunla aramda bir dəfə də söz-söhbət olmayıb. Mən pərdəli insanam. Çalışıram ki, hamıya qarşı hörməti saxlayım. Amma kimsə bundan sui-istifadə edirsə, mən neyləməliyəm? Məndən xoşu gəlməyənlər mənimlə birlikdə tamaşada çıxış etməsinlər. O ki, qaldı çox danışmağıma, bəli, mən səhnədə böyük monoloqlar deməyi sevirəm. Özü də tamaşaçı yorulmur, mən heç kimin başını aparmıram. "Fedra" tamaşasında 25 dəqiqəlik monoloqum var idi. Amma tamaşaçı yorulmurdu. Bunlar boş söhbətlərdir. Hər halda dahi dramaturqların qələmə aldığı o möhtəşəm monolaqları kimsə deməyi bacarmalıdır, ya yox?!

- YUĞ Teatrının aktyor və aktrisalarından narazılığın səbəbi nədir? 

- YUĞ Teatrını rəhmətlik Vaqif İbrahimoğlu yaradıb. Bir müddət Akademik Milli Dram Teatrının binasında fəaliyyət göstərdilər. Mən özüm də 1988-89-cu illərdə YUĞ Teatrı yeni açılanda bir mövsüm onlarla işləmişəm və "Heydərbabaya salam" tamaşasında oynamışam. Odur ki, YUĞ Teatrı mənə yad deyil. YUĞ Teatrının aktyorlarının bizim səhnədə rol oynaması onları qıcıqlandırır. Burda nə var ki? Bizim aktyorlarımız da başqa teatrlarda tamaşa oynamağa dəvət edilirlər. Məsələn, Gənc Tamaşaçılar Teatrında, Musiqili Teatrda...YUĞ-dan kimsə bizim teatrda rol alanda nə olur ki? Bilirsiniz ki, YUĞ Teatrı Azdramanın arxasında yerləşir. Oranı isə sökürlər. Düzdür, hələlik YUĞ Teatrının yerləşdiyi binanı sökmək planda yoxdur. Amma sabah bu teatrın binasını söksələr, oranın aktyorları neyləməlidir, hara getməlidirlər? Niyə Azdramaya gəlməsinlər? Onlar bəyəm düşməndir? Axı bizim aktyorlar nədən qorxurlar? Səhnə böyükdür, hər kəsə yer tapılar.

YUĞ Teatrının aktyorları bir-biriləri ilə həmrəydirlər. Bir-birilərinin sənətinə hörmətlə yanaşırlar. Amma bizimkilər? Elə bil düşmənik.

Sonda isə “Börüsoy və onun dostları”nın bu ilin iyunun 24-də verdiyi müsahibəni oxuyarkən "Uşaqlığın son gecəsi" filmindəki bir dialoq yadıma düşür:

- Yaz ki, uşaqlar pilləkəndən düşüb ölürlər...

- Bəlkə yazaq ki, yıxılıb əl-ayaqlarını sındırırlar?

- Yox, "ölürlər" yaxşıdır...

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi