Yuxarı

Xalq artisti ad gününü teatrdan kənarda qeyd edir

70 yaşımıza çatan kimi yaşımızla əlaqədar teatrdan uzaqlaşdırıldıq

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Məzahir Süleymanovun doğum günüdür. "Report"un məlumatına görə, xalq artisti 71 yaşını qeyd edir.

"Aktyor ən sevincli və ən kədərli günlərini səhnədə yaşayır. Bizim taleyimiz belədir. Təəssüf ki, 70 yaşımıza gəlib çatan kimi yaşımızla əlaqədar teatrdan uzaqlaşdırıldıq", - xalq artisti "Report"a açıqlamasında deyib.

O, əhvalının yaxşı olduğunu da bildirib: "Özümü yaxşı hiss edirəm. Amma aktyor teatrdan kənarda qocalır, formadan düşür. Ötən il 70 yaşım tamam oldu. Yaş senzi ilə əlaqədar olaraq işdən çıxarıldıq. Düzdür, yaşı 70-i ötən aktyorla müqavilə bağlanır və biz tamaşalarda rollarımızı ifa edirik. Amma tamaşalar tez-tez olmur. Günümüzün çox hissəsini evdə keçiririk. Təqaüdə çıxıb səhnəsiz yaşamaq çətindir. Bizdən istifadə etmirlər. Axı qocalıb əldən düşməmişik. Hələ də oynaya bilirik. Əvvəllər serial, film çəkilişləri olurdu, indi onlar da yoxdur. Nə yaxşı ki, İrəvan Teatrı məni dəvət edib, müqavilə yolu ilə Hidayətin "Burdan bir atlı keçdi" tamaşasında Liqaçov obrazını ifa etmişəm. Amma niyə öz doğma teatrımın səhnəsində çıxış etməyim?! Xalq artisti Valeh Kərimovun yaşadığı taleyi mən və teatrımızın əməkdar aktrisası Svetlana Həkimova da yaşayırıq. Əslində belə olmamalıdır. Bu, kökündən yanlış qanundur".

Qeyd edək ki, M.Süleymanov 1944-cü ildə anadan olub. M.A.Əliyev adına İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra 1972-ci ilin noyabrından H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb.

O, teatrda çalışdığı müddətdə yüzdən artıq müxtəlif xarakterli obrazlar oynamağa nail olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi