Yuxarı

TÜRKSOY-un xətti ilə yeni teatr mövsümündə iki tamaşa hazırlanacaq

Tamaşalar Haldun Tanerin 100 illik yubileyinə həsr edilib

Bakı. 3 iyul. REPORT.AZ/ Bu ilin sentyabrında tanınmış türk yazıçısı və teatr xadimi Haldun Tanerin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan səhnəsində iki yeni tamaşa hazırlanacaq. Bu barədə "Report"a Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli məlumat verib.

Onun sözlərinə görə, TÜRKSOY-un təşkilatçılığı ilə baş tutacaq tamaşalardan biri Şəki Dövlət Dram Teatrında hazırlanacaq: "Şəki Dövlət Dram Teatrı Haldun Tanerin "Və dəyirman dönərdi" əsəri əsasında eyniadlı tamaşanı hazırlayacaq. Bu il Haldun Tanerin 100 illik yubileyi ilə əlaqədar TÜRKSOY-un xətti ilə Haldun Taner ili elan edilib və bu münasibətlə silsilə tədbirlər hazırlanır".

M. Səlimli onu da qeyd edib ki, Şəki Dövlət Dram Teatrı əsəri noyabrda təhvil verəcək.

Baş rejissor, həmçinin xatırladıb ki, Haldun Tanerin yubileyi ilə bağlı ikinci tamaşanı Akademik Milli Dram Teatrı hazırlayacaq: "Hələlik Milli Dram Teatrının hansı əsərə quruluş verəcəyi və tamaşanın rejissorunun kim olacağı bəlli deyil".

Qeyd edək ki, Türkiyənin tanınmış sənət adamları hər iki əsərə tamaşa etmək üçün noyabrda Bakıya və Şəkiyə səfər edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi