Türk Dünyası Sənədli Filmlər Festivalı başa çatıb

Türk Dünyası Sənədli Filmlər Festivalı başa çatıb Azərbaycan festivalda Mətbuat Şurasının sədri Əflatun Amaşovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub
İncəsənət
1 Dekabr , 2016 13:26
Türk Dünyası Sənədli Filmlər Festivalı başa çatıb

İstanbul. 1 dekabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində Dünya Qəzetçilər Federasiyasının (DGF) təşkilatçılığı ilə Türk Dünyası Sənədli Filmlər Festivalının nəticələrinə həsr olunmuş toplantı keçirilib. 

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tatarıstan, Şimali Kipr Türk Respublikası və digər türkdilli ölkələrdən media orqanlarının rəhbərləri, millət vəkilləri, bir sıra beynəlxaq xəbər agentliklərinin jurnalistləri və QHT təmsilçiləri iştirak ediblər.

Azərbaycan festivalda Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Tədbirdə əvvəlcə DGF-nin bir il ərzində gördüyü işləri özündə əks etdirən videorolik nümayiş olunub.

DGF prezidenti Menderes Dəmir bildirib ki, cari ilin sentyabr-noyabr aylarında keçirilmişı Türk Dünyası Sənədli Filmlər Müsabiqəsinə 5 türkdilli ölkənin 7 müxtəlif şəhərində çəkilmiş filmlər göndərilib: "Türk coğrafiyalarının tarixindən, dünənindən və bu günündən bəhs edən filmlərdə özünü türk adlandıran bir çox insanların bilmədiyi tarixi faktlar yer alıb. Bu faktların hər kəsə çatdırılması üçün filmlər Türkiyə də daxil olmaqla, bütün türk respublikalarında nümayiş etdirilməlidir. Bu kimi müsabiqələr davamlı olacaq". 

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, dünyanın hər yerində türk xalqları yaşayır: "Azərbaycan Türkiyə ilə qardaşlıq bağlarının möhkəmlənməsi və Türk dünyasına yayılması üçün var gücü ilə çalışır. Biz vaxtilə uzaqdan Türkiyənin uğurlarına sevinir, kədərinə kədərlənirdik. Çünki Sovet hökuməti aramıza sədd çəkmişdi. Ancaq indi bir yerdəyik. Qarşılıqlı əməkdaşlıq hər bir türk toplumunun qloballaşan dünyaya inteqrasiyasını heç şübhəsiz sürətləndirir. Bütün bunlar adət-ənənə, dil, din birliyinə, məişət yaxınlığına əsaslanan ortaq maraqları da formalaşdırır. Dünya Qəzetçilər Federasiyası da Türk Dünyası Sənədli Filmlər Festivalını təşkil etməklə ortaq türk maraqlarının təbliğini, türk xalqlarının bir-birinə daha sıx şəkildə inteqrasiyasını hədəf seçib". 

Toplantıda Türk Dünyası Sənədli Filmlər Festivalı və bu kimi digər tədbirlərin davamlı şəkildə keçirilməsi zəruri sayılıb. 

Son xəbərlər

Orphus sistemi