Azərbaycan, Türkiyə və Belarus vokalçıları “Toska" operasını ifa edəcəklər

Azərbaycan, Türkiyə və Belarus vokalçıları “Toska" operasını ifa edəcəklər Türkiyənin “qızıl səsli sopranosu” Deniz Yetim Bakıda yenidən çıxış edəcək
İncəsənət
16 Fevral , 2016 18:35
Azərbaycan, Türkiyə və Belarus vokalçıları “Toska operasını ifa edəcəklər

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı xaricdən tanınmış opera və balet sənəti ulduzlarının dəvət olunması və onların bizim sənətçilərlə birgə çıxışlarının təşkili istiqamətində uğurlu qastrol fəaliyyətini davam etdirir.

Teatrdan "Report"a daxil olan xəbərə görə, Opera və Balet Teatrının növbəti qonaqları qardaş Türkiyənin “qızıl səsli sopranosu” Deniz Yetim (Toska) və Belarusun əməkdar artisti Vladimir Qromov (Skarpia) olacaq.

Hər iki solist fevralın 27-də keçiriləcək C.Puççininin “Toska” operasının tamaşasında çıxış edəcək.

Solistləri Opera və Balet Teatrının rəhbərliyi dəvət edib.

Deniz Yetim İstanbul Opera və Balet Teatrının aparıcı solistidir. Bir sıra beynəlxalq müsabiqələrin qalibi olan Deniz Bakıda keçirilən Vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb.

Dünyanın bir çox ölkələrində ən mötəbər teatr və konsert səhnələrində çıxış edən Deniz Yetimin ifası artıq bakılı sənətsevərlərə tanışdır. 2014-cü və 2015-ci illərdə onun operamızın səhnəsindəki parlaq çıxışlarını tamaşaçılar yaxşı xatırlayırlar.

“Toska” operasının tamaşasında Azərbaycan Opera və Balet Teatrının ən istedadlı solistləri - əməkdar artistlər Fərid Əliyev (Kavaradossi), Əkrəm Poladov (Cəllad), Cahangir Qurbanov (Anjelotti) və Azərbaycanın xalq artisti Əli Əsgərov çıxış edəcək.

Dirijor Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı professor Rauf Abdullayevdir.  

Son xəbərlər

Orphus sistemi