Yuxarı

Sumqayıt teatrında "Narkoman" tamaşası nümayiş etdiriləcək

Səhnə əsəri narkotikə aludə olan gəncin həyatından bəhs edir

Bakı. 22 oktyabr. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Kamran Nəzirlinin "Narkoman" adlı əsəri əsasında hazırlanan tamaşa nümayiş etdiriləcək. 

"Report" xəbər verir ki, oktyabrın 23-də təqdim olunacaq tamaşaya Naxçıvan Muxtar Respublikasının xalq artisti Kamran Quliyev quruluş verib.

Əsər ali məktəbi qırmızı diplomla bitirən Ramin adlı gəncin taleyindən bəhs edir. Əsərin süjet xətti Raminin iş tapmaq üçün bir çox idarələrə baş çəkməsindən və iş tapa bilməməsindən bəhs edir. O, işsiz qalaraq ruhdan düşür və narkotikaya qurşanır. Narkotik maddələrə olan tələbatı onu ayrı yollara sovq edir. Ramin artıq ev əşyalarını və anasının zinətlərini satmağa başlayır. Anası onu bu yoldan döndərməyə çox cəhd etsə də, o bu yoldan dönmür. Həyat yoldaşı bütün bunlara dözməyərək uşağı da götürüb evi tərk edir. Raminin anası bu dərdə tab gətirməyərək dünyasını dəyişir. Həyatdan güclü zərbələr alan Ramin nəhayət ki, narkomaniyadan canını qurtara bilir.

Tamaşanın finalında əsərin gənc qəhrəmanı ailəsinin yanına qayıdır. Beləliklə, tamaşa optimist bir sonluqla bitir.

Səhnə əsərində rolları Sumqayıt Teatrının aktyorları Cəlal Məmmədov, Növrəstə Həşimova, Şəhla Məmmədova, Mətləb Səfərli, İradə Zeynalova və başqaları oynayır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi