Yuxarı

"Sülh naminə Daş" simvolunun təqdimatı keçiriləcək

Təqdimat mərasimi oktyabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində olacaq

Bakı. 15 oktyabr. REPORT.AZ/ Yaponiyanın "Sülh naminə Daş Hirosima Assosiasiyası" təşkilatı və Yaponiyanın "Kyodo News" informasiya agentliyi dünyada sülhün təbliği məqsədilə "Sülh naminə Daş" adlı xatirə simvolunu Azərbaycana hədiyyə edib.

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində Yaponiyanın "Sülh naminə Daş Assosiasiyası" təşkilatı Azərbaycana hədiyyə edilən "Sülh naminə Daş" adlı xatirə simvolunun təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasimində respublikanın dövlət və hökumət rəsmiləri, Yaponiyanın "Sülh naminə Daş Hirosima Assosiasiyası" təşkilatı və Yaponiyanın "Kyodo News" informasiya agentliyinin nümayəndə heyəti, habelə Bakı şəhərində akkreditə olunan diplomatik missiyaların rəhbərləri iştirak edəcək. 

1945-ci il avqustun 6-da ABŞ Yaponiyanın Xirosima şəhərinə atom bombası atıb. Minlərlə dinc insan bu vaxta qədər görünməmiş dəhşətli faciənin qurbanına çevrilib. Artıq bu faciədən 70 il ötməsinə baxmayaraq, onun yaratdığı fəsadları hələ də bir çox insanlar öz üzərində daşıyırlar. Xirosima qurbanlarının xatirəsi hər il Yaponiyada yad edilir.
Azərbaycanla bərabər artıq bir çox ölkələrə hədiyyə edilmiş daş üzərində təsvir edilən əbədi sülh arzulayaraq dua edən Kanon ilahəsi monolit yonulmuş relyefli baş şəklindədir. İlahənin obrazı 3/4 sağa doğru çevrilən, budda ikonoqrafiya incəsənəti ənənəsində, çiyininə tökülmüş şinyonla bəzədilən saçları üzərində yoqa duruşunda Buddanın təsviri yonulan, qulaqlarında dairəvi sırqalar, sinəsi 9 iri dairəvi muncuqlarla bəzədilib.
"Sülh naminə Daş" adlı xatirə simvolunun Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilməsi atom faciəsi qurbanlarına hörmət rəmzi olmaqla yanaşı Azərbaycan-Yapon mədəni əlaqələrinin inkişafına yeni töhfədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi