"Sonuncu" tamaşasının premyerası keçirilib

"Sonuncu" tamaşasının premyerası keçirilib YUĞ Teatrı 26-cı teatr mövsümünü açıb
İncəsənət
21 Sentyabr , 2015 10:33
Sonuncu tamaşasının premyerası keçirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət YUĞ Teatrı 26-cı teatr mövsümünü açıb.

"Report" xəbər verir ki, teatr yeni mövsümünə “Sonuncu” tamaşasının premyerası ilə başlayıb. Gənc yazar Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tətribatçısı xalq artisti, əməkdar incəsənət xadimi, tanınmış rejissor Ramiz Həsənoğludur. Tamaşanın geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
Tamaşada əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Könül Cəfərzadə çıxış edib.

Tamaşanın premyerasında Azərbaycanın görkəmli şairi Ramiz Rövşən, xalq artistləri Ramiz Novruz, Cəfər Namiq Kamal və başqa qonaqlar iştirak edib.

Tamaşadan əvvəl, YUĞ Teatrının direktoru Tərlan Rəsulov mövsümün açılışı münasibətilə hər kəsi təbrik edib. Tamaşanın rejissoru xalq artisti Ramiz Həsənoğlu, əsərin müəllifi Pərvin hər kəsi yeni tamaşanı seyr etməyə, fikir və düşüncələrini tamaşadan sonra bildirməyə çağırıb.

Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxış bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

Günümüzün reallığını əks etdirən, bir aktyorun faciəli həyatından bəhs edən tamaşa alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu il YUĞ Teatrının aktyoru, əməkdar artist Fərhad İsrafilovun 60 yaşı tamam olub. Bu münasibətlə, “Sonuncu” tamaşası həm də Fərhad İsrafilovun benefisi kimi hazırlanıb.

Son xəbərlər

Orphus sistemi