Sergey Prokofyevin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib

Sergey Prokofyevin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib Tədbirdə “Prokofyev və Azərbaycan” mövzusunda məruzə səsləndirilib
İncəsənət
5 May , 2016 19:25
Sergey Prokofyevin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Ev-Muzeyində görkəmli rus bəstəkarı, pianoçu, dirijor Sergey Sergeyeviç Prokofyevin (1891-1953) anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.

Muzeyin şöbə müdiri Xanım Abdinova S.S.Prokofyevin həyat və yaradıcılığı haqqında, “Prokofyev və Azərbaycan” mövzusunda çıxış edib.

Muzeyin arxiv materialları əsasında Azərbaycan səhnəsində və Azərbaycan musiqiçilərinin repertuarında S.Prokofyev yaradıcılığını əks etdirən materiallardan ibarət slayd-şou və videofraqmentlər təqdim olunub.

Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələsi, Beynəlxalq Müsabiqələr laureatı Fuad Əlizadə (f-no), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri: beynəlxalq müsabiqələr laureatı Osman Mustafazadə (violin), İnci Bədirli (f-no), G.Şaroyev adına 35 saylı musiqi məktəbinin şagirdi Nəriman Əmiraslanov (f-no), Xırdalan musiqi məktəbinin şagirdi Şirin Əmiraslanova (f-no) ifalarında S.Prokofyevin əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Tədbirdə musiqi ictimaiyyəti, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin nümayəndələri, BMA-nın və musiqi məktəblərinin müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları iştirak edib.

Son xəbərlər

Orphus sistemi