Yuxarı

Səməd Vurğunun Ev Muzeyinin 40 illik yubileyi keçiriləcək

Səməd Vurğunun Ev Muzeyi 1975-ci il oktyabrın 6-da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə açılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Dekabrın 2-si saat 12:00-da Səməd Vurğunun Ev Muzeyində Muzeyin 40 illik yubileyi keçiriləcək.

"Report" xəbər verir ki, Səməd Vurğunun Ev Muzeyi 1975-ci il oktyabrın 6-da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Sovet Ədəbiyyatı günləri keçirilərkən açılıb.

Səməd Vurğun bu evdə ömrünün son 2 ilini (1954-1956) yaşayıb. Muzey də həmin dövrün tələblərinə uyğun təmir olunub və tərtibat verilib. Daha sonra 1997-ci ildə muzeydə təmir-bərpa işləri aparılıb və Mədəniyyət Nazirliyi tərəfindən yeni tərtibat verilib.

2011-ci il dekabrın 13-də Prezident İlham Əliyev Səməd Vurğunun Ev Muzeyinin əsaslı təmiri ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən muzeyin əsaslı təmiri, bədii tərtibatı, zəruri avadanlıq və inventarlarla təchizatı üçün vəsait ayrılıb.

Əsaslı təmir və bədii-tərtibat işləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi həyata keçirib və 2014-cü ilin aprelində sona çatıb. Həmin ay təntənəli açılış mərasimi keçirilib və muzeyin ekspozisiyası tamaşaçılar üçün açıq elan edilib.

Səməd Vurğunun Ev Muzeyi həcmcə böyük fondlara malik muzeylər kateqoriyasına aiddir və burada zəngin eksponatlar qorunub saxlanılır.

Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən ekspozisiya daima təkmilləşdirilmiş, şairin övladları-xalq yazıçısı Yusif Səmədoğlu, xalq şairi Vaqif Səmədoğlu, qızı Aybəniz Vəkilovanın həyat və yaradıcılığına həsr olunmuş güşələr yeni eksponatlarla zənginləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi