Səkinə İsmayılova: “Hələ ki, Azərbaycanda konsert vermək istəmirəm” - MÜSAHİBƏ

Səkinə İsmayılova: “Hələ ki, Azərbaycanda konsert vermək istəmirəm” - MÜSAHİBƏ "Məşhurluq, pul arxasınca qaçdıqlarından sənət arxa planda qalır"
İncəsənət
24 Fevral , 2017 13:56
Səkinə İsmayılova: “Hələ ki, Azərbaycanda konsert vermək istəmirəm”  - MÜSAHİBƏ

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın xalq artisti Səkinə İsmayılovanın doğum günüdür. Bu səbəbdən sənətkarla görüşmək qərarına gəldik və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə üz tutduq. Bizi ali təhsil müəssisəsinə çatdığımızda Səkinə İsmayılovanın tələbələri qarşıladılar və xalq artistini gözlədiyimiz müddətdə söhbətlərindən müəllimlərinə böyük sevgi bəslədiklərini gördük...

Beləliklə, xalq artisti Səkinə İsmayılovanın "Report"a müsahibəsini təqdim edirik:

- Səkinə xanım, tələbələriniz sizi çox təriflədilər, deyəsən çox mülayim müəllimsiniz...

- Mənim tələbələrim bir başqadır. Mülayim insan kimi görünə bilərəm, ancaq dərs vaxtı tam fərqli biri oluram. Diqqətsizlik görəndə lazımi ölçü götürməyi də bacarıram. Artıq onlar da bunu anlayıb uyğun rəftar edirlər. Bəlkə də yeganə xanəndəyəm ki, bu yaxınlarda tələbələrimi özümlə birgə qastrol səfərinə apardım.

- Muğam müsabiqəsindən danışaq. Digərlərindən fərqli olaraq, bu il müsabiqənin başlanğıcı qalmaqalla yadda qaldı...

- Təəssüf ki, doğrudur. Əslində biz də belə olmasını heç istəməzdik. Bu cür məsələləri muğam müsabiqəsinə yaraşdırmaq olmur. Ancaq hər şey qaydasına düşdü. Münsiflər heyəti olduğu kimi də qaldı. Artıq qüvvəmizi seçimlərə yönəltmişik. Biz çox gənc istedadlar kəşf edirik. Xüsusilə də bölgələrdəki seçimlərdə. Bu il bizi ən çox sevindiriən yaşı az olmasına baxmayaraq müsabiqəyə qatılanlar oldu. Hətta stolda əyləşərkən ayağı yerə çatmayanlarda var (gülür). Bu, bizdə müsabiqəyə ayrı bir həvəs yaradır. Muğam bizim dədə-baba sənətimizdir. Gənclər tərəfindən belə diqqət göstərilməsi bizi sevindirir.

- Yəqin həm müsabiqə, həm də dərslərdən boş vaxtınız olmur...

- Mən çətinliyi sevən insanam. Bu, mənim həyat tərzimdir, özüm seçmişəm. Kaşkilərlə yaşayan biri deyiləm. Keçmişə baxıb təəssüflənirsənsə, sənin günahındır. Deməli, nəsə səhv buraxmısan. Belə səhvləri yenidən buraxmamaq üçün sabahı fikirləşmək, nikbin olmaq lazımdır. Ruhumda tənbəllik yoxdur. Məhz bu xarakterimə görə bu gün Səkinə İsmayılovayam.

- Yeni, qastrol səfəri və ya konsert gözlənilirmi?

- Qastrol səfərinə bu yaxınlarda getdik. Artıq belə səfərlərə getmək bizim üçün adi hal alıb. Əvvəlki kimi uzun müddət çəkmir. Rəşid Behbudovla olan qastrol səfərim 40 gün çəkib. Hələ ki, Azərbaycanda konsert vermək istəmirəm. Çünki sponsor axtarmaq, hazırlıqlar kimi xırda işlər məni yorur. Qastrollar daha rahatdır, gedirsən və görürsən hər şey artıq hazırdır. Sənə yalnız çıxıb sənətini nümayiş etdirmək qalır.

- Yeni nəsildən gələcəyin korifeyi gözü ilə baxdığınız birisi varmı?

- Bu gün bacarıqlı ifaçılar çoxdur. Təəssüf ki, əksəriyyəti məşhurluq, pul arxasınca qaçdıqlarından sənəti arxa planda saxlayırlar. Hətta əksəriyyəti el məclislərinə gedir. Düzdür biz də gedirdik, ancaq hər təklif gələndə yox. Mən sənətə opera ilə başlamışam. Təsəvvür edin saatlarla məclisdə oxuyursan, ertəsi gündə çıxıb tamaşaçı qarşısında Leylini, Əslini ifa edirsən. Bu mümkünsüzdür. Özü də mən sizə səs aparatlarının zəif olduğu bir vaxtdan danışıram. Ona görə də biz səsimizi yormmamağa çalışırdıq. Gəncləri də qınamıram, maddiyyat da vacibdir, ancaq bizim də çətin günlərimiz olub, səbr etmək və sənətə üstünlük vermək lazımdır. Belə olduqda zamanla hər şey öz yerini tapacaq.

- Siz sənətə gələndə ailənizlə yanaşı, həyat yoldaşınızın da etirazı ilə qarşılaşıb. İndi sizin vəziyyətinizdə olan tələbələriniz varmı?

- İnanılmaz olsa da, tam əksi baş verir. Nəinki etiraz etmək, hətta valideynlər qızlarını özləri gətirirlər. Artıq insanlar muğamın dəyərini dərk edirlər. Bəzən xanım tələbələrim arada fasilə verirlər. Bu da ailə həyatı qurmaları ilə əlaqədar olur. Ailə məsuliyyət tələb edir, müəyyən müddət hər şey qaydasına düşdükdən sonra yenidən sənətlərinə geri dönürlər.

- Bü gün ad gününüzdür, necə qeyd edəcəksiniz?

- Tələbərim günün ilk yarısını onlarla keçirməyimi xahiş etdilər. Əslində çoxdan belə bir şey planlaşdırırdılar, mən də məmnuniyyətlə qəbul etdim. Yəqin musiqili bir gün olacaq. Təbii ki, axşam da ailəm və yaxın insanlarla bir yerdə olacağam.

Son xəbərlər

Orphus sistemi