Yuxarı

Rus Dram Teatrı Həştərxana qastrola gedir

Teatr yeni mövsümdə dörd tamaşa hazırlamağı planlaşdırır

Bakı. 29 avqust. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı yeni mövsümə növbəti qastrol səfəri ilə start verəcək.

"Report" xəbər verir ki, bunu teatrın direktoru Ədalət Hacıyev deyib.

Onun sözlərinə görə, kollektiv sentyabrın 7-dən 10-dək Rusiyanın Həştərxan vilayətində səfərdə olacaq: “Orada Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan və getdiyimiz hər yerdə alqışlarla qarşılanan “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ilə çıxış edəcəyik”.

Ə.Hacıyev Rusiya teatrları ilə mütəmadi əməkdaşlıq etdiklərini bildirib: “Mayakovski və Peterburq Akademik teatrları ilə danışıqlar apardıq və yaxın günlərdə onların səfər tarixlərini dəqiqləşdirib açıqlayacağıq”.

Direktor deyib ki, Rus Dram Teatrı yeni mövsümdə dörd tamaşa hazırlamağı planlaşdırır: "Bunlardan biri dövlət sifarişi ilə hazırlanacaq “Dədə Qorqud” tamaşasıdır. İkinci tamaşanı teatr-studiyasının üzvləri hazırlayacaq. “Sarı gəlin” adlı plastik tamaşa teatrın 95 illiyi münasibətilə ilin sonunda təqdim olunacaq.

Norveç xoru ilə hazırlanacaq musiqili tamaşa özünün maraqlı ideyası ilə seçiləcək. Bundan əlavə, teatrda uşaqlar üçün Yeni il nağıl-tamaşası da hazırlanır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi