Yuxarı

Rəşid Behbudovun anım gününə hazırlıq gedir

Azərbaycanın görkəmli müğənnisi, SSRİ-nin xalq artisti Rəşid Behbudovun xatirəsi iyunun 9-da Mahnı Teatrında anılacaq

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanın görkəmli müğənnisi, SSRİ-nin xalq artisti Rəşid Behbudovun xatirəsi iyunun 9-da Mahnı Teatrında anılacaq.

"Report" xəbər verir ki, müğənninin adını daşıyan Mahnı Teatrında anım günü ilə bağlı konsertin son məşqləri gedir.

Konsertdə R.Behbudovun bir zamanlar ifa etdiyi mahnılar səslənəcək.

Həmçinin iyunun 11-də görkəmli müğənninin adını daşıyan 2 saylı Musiqi Məktəbinin tələbələri də Mahnı Teatrının səhnəsində konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tbilisidə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub olub.

Bütün sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R.Behbudov, Azərbaycan xalq mahnılarının və ölkə bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynayıb.

R.Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.

Görkəmli sənətkar 1989-cu il iyunun 9-da Moskvada vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi