Kukla Teatrının aktyoru yenidən tamaşaçı qarşısına çıxacaq

Kukla Teatrının aktyoru yenidən tamaşaçı qarşısına çıxacaq Tamaşa mayın 24-də saat 16.00-da başlanacaq
İncəsənət
23 May , 2017 14:24
Kukla Teatrının aktyoru yenidən tamaşaçı qarşısına çıxacaq

Bakı. 23 may. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında bir neçə aylıq fasilədən sonra yenidən "Zəng" tamaşası nümayiş olunacaq. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə,  Rəhim Rəhimovun iştirakı ilə nümayiş ediləcək mono-tamaşa onun doğum gününə təsadüf edəcək. 

Bir müddət əvvəl səhhətindəki ciddi problemlərlə əlaqədar səhnədən uzaqlaşan  və keçirdiyi ağır cərrahi əməliyyat sayəsində yenidən həyata qayıdan aktyor bununla sevimli tamaşaçılarına öz sevgi və ehtiramını nümayiş etdirəcəyini bildirdi: “Ötən bir neçə ayda çox ağır zaman keçirdim. Amma heç vaxt ümidimi üzmədim. Daim yenidən tamaşaçılarımın, bizi sevgi ilə izləyən balaca teatrsevərlərin qarşısına çıxacağıma inandım. Bu ağır məqamda məndən dəstəyini əskik etməyən dövlətimizə, nazirliyimizə və çalışdığım kollektivə, ümumiyyətlə, teatra, sənətə sevgisi olan hər kəsə sonsuz təşəkkür edirəm. Xoşbəxtəm ki, yenidən doğma teatrımda, sevimli səhnəmdəyəm”.

Qeyd edək ki, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir.

Tamaşa mayın 24-də saat 16.00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi