Yuxarı
    Bağlamaq

    Rasim Balayev: "Mənim yaradacağım əsas rol qabaqdadır"

    BANM-də xalq artisti ilə görüş olub

    Bakı. 20 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rasim Balayevin Ali Məktəbin tələbə və müəllim heyəti ilə yaradıcılıq göruşü keçirilib.

    Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Öncə görkəmli aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirilib. 

    Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov R.Balayevi Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının əfsanəsi adlandıraraq, tanınmış aktyorun həyat və yaradıcılığından danışıb: “Rasim Balayev əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb. Onun çəkildiyi filmlər Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifələrinə yazılıb. O, ekranda döyüşməyə hazir, cəsur insanların və həqiqi vətənpərvərlərin səmimi obrazini yaradıb".  

    Azərbaycan dövlətinin hər zaman dəyərli sənətkarı yüksək qiymətləndirdiyini deyən E.Qasımov R.Balayevin ümummilli lider Heydər Əliyev tərəfindən əməkdar artist adına 28 yaşında, xalq artisti adına isə 34 yaşında layiq görüldüyünü də nəzərə çatdırıb. O, R.Balayevin ulu öndər Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeninə, Prezident İlham Əliyev tərəfindən isə “Prezident təqaüdü”nə layiq görüldüyünü bildirib.

    R.Balayev Ali Məktəbin rəhbərliyinə bu görüşü təşkil etdiyinə görə öz minnətdarlığını bildirib. O deyib ki, BANM-də ən yüksək bal toplayan tələbələr təhsil alırlar. Xalq artisti belə bir auditoriya qarşısında çıxış etməkdən çox məmnun olduğunu dilə gətirib. Məşhur aktyor öz gənclik və tələbəlik illərindən, sənət yollarındakı çətinliklərdən, Azərbaycanda kino və teatr sənətinin inkişafından, çəkliş zamanı rast gəldiyi maraqlı hadisələrdən danışıb. 

    R.Balayev filmlərdəki çəkilişlər haqqında xatirələrini də yada salıb və bildirib ki, televiziya böyük ekranı heç zaman əvəz edə bilməz. 

    “Evdə ekran qabağında oturmuş insanla, ailəsini və ya dostlarını götürərək, məhz kinoteatra gedən insan arasında böyük fərq var - bunlar fərqli tamaşaçılardır və hissləri də fərqlidir” – deyə o, qeyd edib.

    İncəsənətin cəmiyyəti tərbiyələndirməli olduğunu deyən görkəmli aktyor vurğulayıb ki, incəsənətin məqsədi insanın estetik zövqünü təkmilləşdirmək, onu daha saf, daha təmiz etmək, onun mənəvi estetik imkanlarını artırmaqdır. Aktyor sənətindən söz açaraq Rasim Balayev sənətdə son sözünü hələ demədiyini də bildirib.

    “İnanıram ki, mənim əsas rolum qabaqdadır” – deyə görkəmli sənətkar deyib.

    Daha sonra tələbələrin xahişi ilə tanınmış aktyorun ifasında Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri səslənib. Eyni zamanda, BANM-in “Kimya mühəndisliyi” ixtisasının II kurs tələbəsi Nazpəri İsfəndiyarzadə dahi şair Nəsiminin qəzəllərindən birini oxuyub. Onun bacarığını yüksək qiymətləndirən Rasim Balayev BANM-in tələbələrinə uğurlar arzulayıb və auditoriyanın çoxsaylı suallarını cavablandırıb.

    Görüşün sonunda BANM-in rektoru E.Qasımov maraqlı görüşə və mənalı söhbətə görə qonağa təşəkkürünü bildirib və ona Ali Məktəbin “Fəxri qonaq” diplomunu təqdım edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi