Yuxarı
    Bağlamaq

    “Qürbətdən gələn məktublar” tamaşası yenidən səhnəyə qoyulacaq

    Mirzə Fətəli Axundov obrazını Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik canlandıracaq

    Bakı. 5 noyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrında Həsən Həsənovun “Brüsseldən məktublar” əsəri əsasında hazırlanan “Qürbətdən gələn məktublar” tamaşası yenidən səhnəyə qoyulacaq. 

    "Report" xəbər verir ki, hazırda teatrda tamaşanın yeni məşqləri gedir.

    Rejissor Mərahim Fərzəlibəyovun quruluş verdiyi tamaşada Mirzə Fətəli Axundov obrazını Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik canlandıracaq. 

    Əvvəllər “Qürbətdən gələn məktublar” tamaşasında M.F.Axundov obrazını mərhum xalq artisti İlham Əsgərov ifa edib. Onun vəfatından sonra bu obrazı Ramiz Məlik oynayacaq. 

    R.Məlik bu obrazı fərqli üslubda təqdim edəcəyini deyib: ""Qürbətdən gələn məktublar" tamaşasında Mirzə Fətəli Axundov obrazını fərqli üslubda ifa edəcəm. Rəhmətlik İlham Əsgərovdan sonra bu obrazı oynamaq həmkar kimi mənə çətindir. Əsər yeni hazırlananda bu tamaşada Axundov obrazının dublyoru idim. Amma mən bu tamaşada heç çıxış etmədim. Tamaşanın yeni məşqləri gedir. Ümid edirəm ki, əsər hər zaman olduğu kimi tamaşaçıların rəğbətini qazanacaq. İlin sonunadək tamaşanı nümayiş edəcəyik".

    Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

    İki hissəli dramda rolları xalq artistləri Ramiz Məlik (Mirzə Fətəli), Laləzar Mustafayeva (Tubu xanım), Hacı İsmayılov (Bencamin Qastino), əməkdar artistlər Elşən Cəbrayılov (Rəşid), Vəfa Rzayeva (Firəngiz və Fransuaza), Əjdər Həmidov (Nəcəf), Kazım Abdullayev (Qriqor Orbeliani) ifa edirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi