Yuxarı

Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Hazırda festivalın keçiriləcəyi ərazidə musiqi bayramına ciddi hazırlıq işləri görülür

Bakı. 15 iyul. REPORT.AZ/ İyulun 25-dən 31-dək Qəbələ şəhərində növbəti musiqi bayramı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşən mədəniyyət layihələri sırasında artıq ənənəyə çevrilmiş Qəbələ musiqi festivalının xüsusi yeri var.

2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festival dünyanın müxtəlif ölkələrindən tanınmış kollektivləri, solist və dirijorları bir araya gətirir. Builki Qəbələ VII Beynəlxalq Musiqi Festivalının proqramı da zəngindir. Festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya və Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - İtaliya Simfonik Orkestri, "Moskva virtuozları" kamera orkestri, Avstriya Vayner Akademiyasının kamera ansamblı, "Flamenko" ansamblı, "Dubrovnik Guitar Trio", Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqaları iştirak edəcək.

Hazırda festivalın keçiriləcəyi ərazidə musiqi bayramına ciddi hazırlıq işləri görülür. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların birgə səyi ilə Qəbələnin küçələrində, park və bağlarında abadlıq işləri həyata keçirilir, gecə işıqlandırma sistemi qaydaya salınır, şəhərdə səliqə-sahman yaradılır. Festivalın proqramına uyğun olaraq açıq hava altında keçiriləcək konsertlər üçün səhnə quraşdırılacaq. Bəzi konsertlər isə "Qafqaz Resorte" hotelində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi