Yuxarı

Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletinin tamaşası nümayiş etdiriləcək

Balet əbədi məhəbbəti, qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini tərənnüm edir

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti, bəstəkar Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletinin tamaşası nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, tamaşa noyabrın 29-da olacaq.

İlk dəfə 2005-ci ildə səhnəyə qoyulan və Rusiyada Azərbaycan mədəniyyəti günləri çərçivəsində Rusiya Akademik Böyük Teatrı (Moskva) və Mariinski adına teatrın (Sankt-Peterburq) səhnəsində böyük uğurla nümayiş olunan “Eşq və Ölüm” baletinin librettosu “Dədə Qorqud” eposunun motivləri əsasında qələmə alınıb.

Balet əbədi məhəbbəti, qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini tərənnüm edir.

2015-ci ilin fevralında P.Bülbüloğlunun 70 illik yubileyi münasibətilə bu baletin quruluşu bərpa edilərək yenidən səhnələşdirildi (xoreoqraf – Rusiyanın əməkdar incəsənət xadimi Nadejda Malıgina, musiqi rəhbəri və dirijoru – xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssam – Dmitri Çerbadji).

Qeyd edək ki, hazırda teatrın repertuarında olan bu tamaşada noyabrın 29-da balet truppasının gənc solistləri ilk dəfə çıxış edəcək.

Cəmilə Kərimova – Baycan, Makar Ferştandt – Azər, Anar Tahirov – Yalıncıq, Ayan Eyvazova – Ölüm rollarını ifa edəcək.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi