Bakı. 8 fevral. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası “Sən bir nəğməsən” adlı konsert proqramı təqdim edəcək.
Teatrdan "Report"a verilən xəbərə görə, layihənin məqsədi istedadların üzə çıxarılması, onların professional səhnəyə hazırlanması, potensial ifaçı və aktrisalar kimi özlərini təsdiq etmələri üçün imkan yaradılmasıdır.
Musiqili aksiyada studiyanın istedadlı vokalçıları ilə yanaşı, Azərbaycan estradasının məşhur müğənniləri də iştirak edəcək.
Tədbirdə 19 yaşlı müğənni Dinara Mahmudova da çıxış edəcək. Azərbaycanda ilk dəfə səhnəyə çıxacaq ifaçı Rusiya və bir sıra Avropa ölkələrində keçirilən vokal müsabiqələrinin laureatı, Praqa Konservatoriyasının klassik vokal üzrə tələbəsidir.
Musiqi gecəsində çıxış edəcək studiya yetirmələri Azərbaycan estrada musiqisi ilə yanaşı, dünyaca məşhur hitlərə də müraciət edəcəklər. Xeyriyyə konsertində Bakıda fəaliyyət göstərən uşaq sığınacaqları, azyaşlıların yardım və inteqrasiya mərkəzləri, təşkilat və cəmiyyətlərinin üzvü uşaqlar da iştirak edəcək.
Konsert proqramı fevralın 9-da saat 18:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.