Yuxarı

Opera və Balet Teatrının solisti Belarusa qastrol səfərinə gedəcək

Əməkdar artist Nigar İbrahimova Belarus Milli Akademik Opera və Balet Teatrında səhnəyə çıxacaq

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının gənc solisti, əməkdar artist Nigar İbrahimova yanvarın 22-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində çıxış edəcək. 

"Report" xəbər verir ki, Belarus teatrı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına məktub göndərib. Məktubda N.İbrahimova Adolf Adanın “Jizel” baletinin tamaşasında Jizel partiyasını ifa etmək üçün dəvət olunub.

Qeyd edək ki, Azərbaycanın milli baletinin gənc ulduzularından biri olan Nigar 2004-cü ildən teatrın balet truppasında çalışır. Truppanın aparıcı solisti kimi bir çox tamaşalarda (“Qu gölü” – Odetta-Odilliya, “Don Kixot” – Kitri, “Jizel” – Jizel, “Şelkunçik” – Maşa, “Şəhrizad” – Zübeydə, “Don Kixot” (Q.Qarayev) – Dulsineya, “Min bir gecə” – Şəhrizad, “Yeddi gözəl” – Gözəllər gözəli, Hind gözəli, “Eşq və Ölüm” – Ölüm və s.) böyük uğurla çıxış edir.

O, dəfələrlə Türkiyə, Rusiya, Belarus, Fransa, Qırğızıstan və b. ölkələrdə səhnəyə çıxıb.

Xatırladaq ki, Belarus Milli Akademik Böyük Opera və Balet teatrı arasında 2011-ci ildə memorandum imzalanıb. Bu iki teatrın sıx əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, Belarus teatrının aparıcı vokal və balet ustaları vaxtaşırı Bakıya, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sənətçiləri isə Minskə qastrol səfərlərinə dəvət olunurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi