Opera və Balet Teatrında iki balet nümayiş etdiriləcək

Opera və Balet Teatrında iki balet nümayiş etdiriləcək Teatr yanvarın 17-də “Xanım və Xuliqan” və “Tamahlar” baleti təqdim edəcək
İncəsənət
14 Yanvar , 2016 17:49
Opera və Balet Teatrında iki balet nümayiş etdiriləcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Opera və Balet Teatrında yanvarın 17-də Dmitri Şostakoviçin “Xanım və Xuliqan” və Sergey Prokofyevin “Tamahlar” baletləri nümayiş etdiriləcək. 

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib. 

“Xanım və Xuliqan” tamaşasını 2012-ci ildə quruluşçu baletmeyster, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Moxnaçov səhnəyə qoyub və bu günədək repertuardadır.

Rus balet sənətinin ən dəyərli nümunələrindən olan bu balet iki gəncin faciəli məhəbbət tarixcəsindən – insanı yaxşılığa doğru dəyişən, onda təmiz və işıqlı hisslər oyadan məhəbbətdən, öz sevgisini qorumaq üçün həyatını qurban verən qəhrəmanın taleyindən bəhs edir.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək. Əsas rollarda xalq artisti Kamilla Hüseynova (Xanım), aparıcı solist Anar Tahirov (Xuliqan), həmçinin əməkdar artist Alsu Qimadiyeva və solist Faiq Qubatov çıxış edəcək.

“Tamahlar” baletini 2003-cü ildə fransalı xoreoqraf Alen Amber səhnəyə qoyub. Tamaşa rus bəstəkarı S.Prokofyevin “Klassik simfoniya”sı əsasında səhnələndirilib. Süjet xətti olmayan bu baletin gözəl musiqisi var. Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir. 

Solistlər xalq artisti Kamilla Hüseynova, əməkdar artistlər Yuri Lobaçov, Alsu Qimadiyeva, aparıcı solistlər Makar Ferştandt, Timur Oduşev, Failə Bolqarova, Veronika Arazova və başqalarıdır.

Son xəbərlər

Orphus sistemi