Yuxarı
    Bağlamaq

    Ofeliya Aslanın doğum günüdür

    Mərhum aktrisanın 76 yaşı tamam olur

    Bakı. 27 yanvar. REPORT.AZ/ Yanvarın 27-də Azərbaycan Dövlət Musiqili Teatrının mərhum aktrisası Ofeliya Aslanın doğum günüdür.

    "Report" xatırladır ki, yaşasaydı Ofeliya Aslanın 76 yaşı tamam olardı.

    Ofeliya Aslan 1939-cu ildə Bakıda görkəmli teatr və kino aktyoru Rza Əfqanlı və rəssam Bədurə Əfqanlının ailəsində doğulub. İncəsənətə olan marağı uşaqlıq illərindən ailədə formalaşıb.

    O,1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. Uzun müddət fasilədən sonra 1997-ci ildən yenidən teatra qayıdıb və aktrisa kimi fəaliyyətini davam etdirib.

    İlk rolu "Durna" komediyasında Lalə obrazı olub. Bundan sonra aktrisa "Beşmanatlıq gəlin"də Gülnaz, "Arşın mal alan"da Telli, "Hicran"da Çarleston, "Axırı yaxşı olar"da Dilbər və s. rolları bacarıqla ifa edərək, tamaşaçıların rəğbətini qazanıb. Keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R.Hacıyevin "Mama, ya jenyus" əsərində Bibixanım rolunu oynayıb.

    Ömrünün son illərində qızlıq soyadına qayıdaraq, Ofeliya Əfqanlı kimi çağırılsa da, geniş tamaşaçı kütləsi Ofeliya xanımı Aslan soyadı ilə tanıyıb, sevirdi. Ofeliya Aslan uzun illər görkəmli aktyor Səyavuş Aslanın ömür-gün yoldaşı olub. Sonradan həyat yollarını ayıran Səyavuş və Ofeliya Aslan boşansalar da, eyni evdə yaşamağa davam ediblər.

    Ürək xəstəliyindən əziyyət çəkən mərhum aktrisa 2010-cu il mayın 18-də Bakıda vəfat edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi