Yuxarı
    Bağlamaq

    Bakıda “Nikolya Şokolad Muzeyi” açılıb

    Sərgidə 700 kq-dan artıq şokolad eksponatlar nümayiş etdirilir

    Bakı. 16 may. REPORT.AZ/ Bakıda “Nikolya Şokolad Muzeyi” açılıb. "Report" xəbər verir ki, dünya turu çərçivəsində müxtəlif ölkələrin 40-dan artıq şəhərində qonaq olan məşhur "Nikolya Şokolad Muzeyi"ni Bakıya Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzi dəvət edib. 

    Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev "Şokolad sərgisi"nin Bakıda açılmasının maraqlı hadisə olduğunu deyib. F.Babayev Bakı sakinlərini sərgi günlərində şokoladdan hazırlanan sənət əsərlərinə tamaşa etməyə çağırıb və hər kəsin ömrünün şokolad kimi şirin olmasını arzulayıb. 

    Sərgidə 200 kvadratmetrlik sahədə ümumi çəkisi 700 kiloqramdan artıq olan yüksək keyfiyyətli 250-dən artıq şokolad məmulatları, o cümlədən şokolad və marzipan heykəlcikləri, şokolad bagetlərlə çərçivələnmiş şokolad rəsmləri, şokolad miniatür və kompozisiyalar təqdim olunur.

    Məşhur şokolad ustası Nikolay Popov şokoladdan xüsusi olaraq Azərbaycan və Bakıya həsr olunmuş bir sıra sənət əsəri hazırlayıb. Burada 70 kiloqramdan artıq çəkisi olan "Qız qalası" şokolad miniatürü, hökumət evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, "Flame Towers" binalarını əks etdirən əsərləri, eləcə də marzipan meyvə və gülləri, şokolad manqalı və digər əsərlər nümayiş olunur.

    Müəllif çəkisi 200 kiloqramdan artıq olan və Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr etdiyi dünyanın ən nəhəng şokolad rəsmini və sərgi zamanı satışa çıxarılacaq xüsusi texnologiya ilə hazırlanmış bir sıra eksklüziv şokolad suvenir məmulatlarını təqdim edib.

    "Nikolya Şokolad Muzeyi"nin sərgisi müxtəlif yaş və statuslu tamaşaçıları cəlb edir. 5 il ərzində sərgini 500 mindən artıq tamaşaçı ziyarət edib.

    Qeyd edək ki, sərgi mayın 16-da saat 11:00-dan insanların üzünə açıqdır. Biletlərin qiyməti (18 yaş) böyüklər üçün 7 AZN, məktəb (6-18) yaşlı uşaqlar üçün 3 AZN-dir.

    6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur. Çoxuşaqlı ailələr və 15 nəfərə qədər qruplara endirimlər nəzərdə tutulub. Sərgi iyunun 28-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi