Musiqili Teatr mövsümün sonunadək nümayiş etdirəcəyi tamaşaların siyahısını açıqlayıb

Musiqili Teatr mövsümün sonunadək nümayiş etdirəcəyi tamaşaların siyahısını açıqlayıb Teatr iyulun 17-də mövsümün son tamaşasını nümayiş etdirəcək
İncəsənət
8 İyul , 2016 16:09
Musiqili Teatr mövsümün sonunadək nümayiş etdirəcəyi tamaşaların siyahısını açıqlayıb

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı mövsümə iyulun 17-də Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun" musiqili operettası ilə yekun vuracaq. 

Bu barədə "Report"a Musiqili Teatrdan məlumat verilib.

Teatr bağlanış həftəsində mövsüm boyu premyerası keçirilən səhnə əsərlərini təqdim edəcək.

İyulun 14-də “Min bir gecə” nağıllarının motivləri və SSRİ xalq artisti Fikrət Əmirovun musiqiləri əsasında hazırlanan “999-cu gecə” böyüklər üçün nağıl-tamaşası nümayiş etdiriləcək.

Növbəti gün tamaşaçılara SSRİ xalq artisti Rauf Hacıyevin məşhur “Qafqazlı qardaşqızı” iki hissəli operettası təqdim olunacaq. Teatrın rus bölməsində hazırlanan, beynəlxalq layihə kimi Musiqili Teatrın tarixinə yazılan tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

İyulun 16-da Elçinin “Baladadaşın toy hamamı” iki hissəli musiqili-lirik komediyası nümayiş etdiriləcək.

Qeyd edək ki, xalq yazıçısı Elçinin məşhur hekayələrinin motivləri əsasında hazırlanan səhnə əsərinin premyerası Milli Teatr Günü – martın 10-u 2016-cı ildə baş tutub və 3 gün ardıcıl olaraq anşlaqla oynanılıb.

Tamaşanın quruluşçu-rejissoru, xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

Son xəbərlər

Orphus sistemi