Yuxarı

“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının ilk konserti Muğam Mərkəzində olub

İlk konsertdə Azərbaycan və İspaniya musiqiçiləri iştirak edib

Bakı.13 mart. REPORT.AZ/ Martın 11-də start götürən "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalının ilk konsert proqramı Beynəlxalq Muğam Mərkəzində olub.

"Report" xəbər verir ki, ilk konsertdə Azərbaycanın muğam ifaçıları "Rast" muğamını səsləndiriblər. Konsertin ikinci hissəsində İspaniyadan gəlmiş "Flamenko" qrupu çıxış edib.

Konsertin ikinci mərhələsi Azərbaycan Dövlət Filarmoniyasında keçirilib. Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistləri dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə çıxış edib.

Beynəlxalq Muğam Festivalının ilk gün keçirilən konsert proqramı Bakı Caz Mərkəzində başa çatıb. Salman Qəmbərovun rəhbərlik etdiyi caz qrupunun ifasında maraqlı konsert proqramı qonaqlara təqdim edilib.

“Muğam aləmi” Beynəlxalq Muğam Festivalının növbəti konsert proqramı bu axşam keçiriləcək. İlk olaraq Festivalda iştirak edən qonaqlara Akademik Opera və Balet Teatrında Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operası nümayiş etdiriləcək.

Saat 20.00-da Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti və saat 21.00-da Bakı Caz Mərkəzində Cəmil Əmirovun rəhbərliyi ilə caz qrupunun konserti təqdim ediləcək.

Qeyd edək ki, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı artıq dördüncü dəfədir Bakıda keçirilir. Festival martın 18-də başa çatır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi