Yuxarı

"Möcüzəli turpun nağılı” və “Dovşanın ad günü” balaca tamaşaçıların görüşünə gəlir

Gənc Tamaşaçılar Teatrında hər iki tamaşanın məşqlərinə başlanılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşa üzərində yaradıcılıq işlərinə start verilib.

"Report" xəbər verir ki, rus xalq nağılı “Turpun nağılı”nın motivləri əsasında səhnələşdirilmiş “Möcüzəli turpun nağılı” tamaşasının məşqlərinə artıq bu gündən başlanılıb.

Məktəblilər və azyaşlı izləyicilər üçün nəzərdə tutulmuş yeni səhnə əsərinin quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanov, rejissor assisenti Sona Mustafayeva, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Tamaşada xalq artisti Yasin Qarayev, əməkdar artistlər Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Xalidə Əliməmmədova, Zümrüd Quliyeva, Asya Atakişiyeva, Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Elnur Hüseynov, Mirzəağa Mirzəyev, Anar Səfiyev, Elnur Əliyev iştirak edəcək.

Balaca balaların böyük maraqla qarşılayacaqları yeni tamaşanın mart ayının əvvəllərində nümayiş etdirilməsi nəzərdə tutulur.

Teatrda daha bir tamaşanın məşq prosesi yekunlaşmaq üzrədir. Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanan “Dovşanın ad günü” tamaşasının quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir.

Tamaşada mərhum bəstəkar, xalq artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunur.

Səhnə əsərində əsas rolları istedadlı aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa edəcək.

Xatırladaq ki, yazıçı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyinə həsr olunmuş tamaşa 2016-cı il yanvarın 28-də - məktəblilərin qış tətili ərəfəsində nümayiş etdiriləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi