Yuxarı

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri: "Kino haqqında yeni qanun qəbul etmək lazımdır" - FOTO

“Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq” layihəsi davam edir

Bakı. 25 noyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə keçirdiyi “Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq” layihəsi davam edir.

"Report" xəbər verir ki, layihə “Axınla aşağı” filminin baxışı və müzakirələri ilə başlayıb.

Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinomuzda peşəkarlıq məsələlərinə həsr olunan layihənin növbəti - ikinci mərhələsi Rafiq Əliyev və Cavid Təvəkkülün birgə ekranlaşdırdıqları "Dərs" filminin nümayişi ilə davam edib.

Filmdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsinin sektor müdiri Yusif Şeyxov film barəsində ümumi fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb. "Dərs" filminin uzun illərdən sonra çəkilən yeni uşaq filmi olduğunu deyən Y.Şeyxov uşaq filmləri çəkməyin çətinliyindən danışıb: "Dərs" filmi uşaqlar üçün çəkilən əhəmiyyətli filmdir. Son illər Azərbaycanda uşaq filmləri az çəkilir, demək olar ki, çəkilmir. Bunun dərin köklü səbəbləri var. Sovet dövründə Azərbaycanda Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov, Tofiq İsmayılov, Rasim İsmayılov kimi rejissorlar maraqlı uşaq filmləri ekranlaşdırıblar. Uşaqlarla film çəkmək, işləmək çox çətindir. Hər bir rejissordan böyük səbr, təmkin tələb olunur. Biz çox istəyirik ki, uşaqlar üçün filmlər çəkilsin. Belə filmlər uşaq psixologiyasında, onların dünyagörüşündə vacib yer tutur. Azərbaycan nağılları əsasında uzun seriallar da çəkmək olar. Bunların hamısı gələcəyin işidir. Kino haqqında yeni qanunun qəbul edilməsi lazımdır. Belə qanun kinonun işini tənzimləyər".

Xatırladaq ki, layihə çərçivəsində "Azərbaycanfilm" kinostudiyasında son zamanlar çəkilən filmlər Bakının kinoteatrlarında nümayiş etdiriləcək.

Sırada daha iki görüş və müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi