Yuxarı
    Bağlamaq

    Mədəniyyət və Turizm Nazirliyi “Qızıl Kəlmə” ədəbi mükafatını elan edib

    Mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir

    Bakı. 4 noyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi “Qızıl Kəlmə” ədəbi mükafatını elan edib.

    Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, məqsəd 2016-2017-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaqdır.

    Mükafata nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi), poeziya (poema, şeirlər və mahnı mətnləri), tənqid, ədəbiyyatşünaslıq və publisistika, orijinaldan bədii tərcümə və uşaqlar üçün yazılmış bədii əsərlər formasında göstərilən ədəbi janrlarda yaradılan, son iki ildə kitab və ya jurnalda çap edilən əsərlər təqdim olunur.

    Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir. Mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.

    Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları, nəşriyyat, redaksiyalar və əvvəllər mükafata layiq görülən şəxslər namizəd irəli sürə bilərlər.

    Bir təşkilat, şəxs mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər.

    Təqdimat aşağıdakı sənədlərdən ibarətdir:

    Əsəri təqdim edən təşkilatın, şəxsin Mükafat Komissiyasına ünvanlanmış məktubu;

    Çap edilən əsər (5 nüsxə);

    Namizədin tərcümeyi-halı və 1 ədəd fotoşəkli;

    Şəxsiyyət vəsiqəsinin surəti;

    Müəllifin digər işlərinin siyahısı (əgər varsa);

    Əsər barədə rəylər və nəşr edilən yazılar (əgər varsa).

    İşlər noyabrın 10-dan 2017-ci il aprelin 10-nu son təqdimat günü olmaqla AZ 1000, Bakı şəh., Hökumət Evi, 3-cü mərtəbə, 319-cu otağa təqdim edilməlidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi